Azərbaycan BMT-də mina qurbanlarının hüquqlarının müdafiəsi üzrə birgə bəyanatın təşəbbüskarı olub

Ötən gün Cenevrədə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurasının 57-ci sessiyası çərçivəsində "Mina və müharibənin partlayıcı qalıqlarının insan hüquqlarına təsirlərinə baxılması" adlı birgə bəyanat yayılıb.

"Report"un məlumatına görə, bəyanatı Xorvatiyanın nümayəndəsi sənədin təşəbbüskarları qrupu - Albaniya, Azərbaycan, Çili, Mozambik, Panama və Xorvatiya adından səsləndirib.

"İnkişaf hüququ da daxil olmaqla, bütün insan hüquqlarının, mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqların təşviqi və qorunması" bəndinin müzakirəsi çərçivəsində yayılan sənəddə qeyd olunur ki, yerüstü minalar və müharibənin partlayıcı qalıqları geniş insan hüquqları spektri, o cümlədən həyat, sağlamlıq, təhsil, əmək və hərəkət azadlığı hüquqlarına qarşı həm dərhal, həm də uzunmüddətli mənfi təsirlərə malikdir.

Bundan əlavə, bəyanatda xüsusilə yerüstü minaların müvəqqəti məcburi köçkünlərin (IDP) təhlükəsiz şəkildə geri dönməsinə də maneə olduğu vurğulanır. Bununla əlaqədar, bəyanatı imzalayanlar BMT-nin İnsan Hüquqları Şurasına yerüstü minaların və müharibənin partlayıcı qalıqlarının insan hüquqlarına təsiri ilə bağlı məsələlərin həllində mühüm rolun həyata keçirilməsində konkret addımlar atmaqla bağlı müraciət ediblər.

Bəyanatda mina partlaması nəticəsində zərərçəkmişlərin insan hüquqlarının pozulmasına görə məsuliyyətin istifadəçi dövlətlərin üzərinə düşdüyü birmənalı şəkildə qeyd edilir:

"Dövlətlərin insan hüquqları sahəsindəki öhdəlikləri minaların istifadəsi və mövcudluğu ilə bağlı problemlərin həlli məsələsində milli və beynəlxalq siyasətlərini müəyyən etməlidir. Mina xəritələrinin mübadiləsi insan hüquqları sahəsində beynəlxalq hüquqda təsbit olunmuş beynəlxalq əməkdaşlığın ən vacib vəzifələrindən biridir və bu da öz növbəsində BMT Baş katibinin sözlərinə görə, davamlı sülhün və davamlı inkişafın əsaslarından biridir".

Yayıldığı anda bəyanat Avropa, Afrika, Latın Amerikası və Asiyanı təmsil edən 65 ölkədən ibarət geniş regionlararası qrup tərəfindən dəstəklənərək imzalanıb.

Qeyd edək ki, bu mövzuda birgə bəyanat təşəbbüsü ilk dəfə Azərbaycan XİN nümayəndəsi tərəfindən iyunun 27-də BMT-nin Cenevrə qərargahında keçirilmiş "Minasız sülhə doğru irəliləmək və qurbanların hüquqlarını bərpa etmək üçün insan hüquqları sistemindən istifadə" konfransı zamanı səsləndirilib.

Bundan başqa, 65 ölkədən ibarət geniş koalisiya tərəfindən dəstəklənmiş sözügedən sənədin hazırlanmasında Azərbaycan diplomatları həmmüəllif qismində çıxış ediblər.

0.046335935592651