Ahıl və tənha vətəndaşları aldadaraq pullarını ələ keçirən Ukrayna vətəndaşları da daxil olmaqla üç nəfər saxlanılıb.
hakimiyyet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, yaxın qohumlarının qəza törətməsi və yardım üçün təcili pul lazım olması adı altında yaşlı nəslin nümayəndələrinə ev telefonları vasitəsilə zənglərin edilməsi və onların pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə polis orqanları tərəfindən əməliyyatlar davam etdirilir.
Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd edilən qanunsuz əməllərə cəlb olunan Seymur Əhmədov, Ukrayna vətəndaşları Yevhen Durkin və Vitali Kostyuk saxlanılıblar.
Müəyyən edilib ki, saxlanılan şəxslər "Telegram" sosial şəbəkəsində əlaqə qurduqları naməlum şəxslərin onları yönləndirdiyi ünvanlara yollanaraq yaşlı nəslin nümayəndələrinin yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyini bildiriblər və pul tələb ediblər.
Qeyd olunan hüquqazidd əməllər nəticəsində 6 vətəndaşa ümumilikdə 27 min 200 dollar və 25 min manat maddi ziyan dəyib. Saxlanılan şəxslər pul vəsaitlərini zərərçəkənlərdən alandan sonra sifarişçilərinin bank kartı və ya kriptovalyuta hesablarına köçürüblər.
Saxlanılan şəxslərdən ikisi Yevhen Durkin və Vitali Kostyuk məhz qeyd edilən qanunsuz əməlləri həyata keçirmək məqsədilə müvafiq olaraq yaşadıqları İtaliya və Polşa Respublikalarından Bakı şəhərinə gəliblər.
Faktlarla bağlı araşdırmalar davam etdirilir. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bir daha vətəndaşlara bu hallarla bağlı diqqətli olmaq, daxil olan zənglər üzrə onlara verilən məlumatları dəqiqləşdirmək və tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməmək tövsiyə edilir.