"İşlənmiş avtomobil alarkən bir çox problemlə qarşılaşma riski var, ona görə də, nöqsanlı avtomobilin əlamətlərini müəyyən edə bilmək vacibdir".
hakimiyyet.az-ın "Za rulyom" jurnalına istinadən xəbərinə görə, bu barədə rusiyalı avtomobil eksperti Pyotr Subbotin açıqlamalar verib.
"İlkin olaraq, avtomobilin karşerinq (avtomobilin qısamüddətli icarəyə verilməsi, avtomobil kirayəsi və s. - red.) və ya taksi xidmətində istifadə edilib-edilmədiyini öyrənmək lazımdır. Və əgər avtomobil bu xidmətlər üçün istismar edilibsə, o zaman bunun hansı şirkət tərəfindən və hansı keyfiyyətdə edildiyi aydınlaşdırılmalıdır. İkincisi, onun nə qədər sahibinin olduğuna baxın. Əgər avtomobil tez-tez sahib dəyişdiribsə, bu, avtomobilin problemli olduğunun göstəricisidir (sındırılmış, suda batmış, aqreqatlarında nasazlıq yaranmış ola bilər və s.)", - deyə ekspert bildirib.
Həmçinin avtomobilin vəziyyətini "sıyrıqlar" baxımından da qiymətləndirmək lazımdır. Onu yumuş, cilalamış, kimyəvi təmizləmə etmiş ola bilərlər, amma 10 illik avtomobil təzə kimi görünürsə, aydındır ki, "həyata qaytarmaq üçün" çox çalışıblar.
Bundan əlavə, mühərrik yağını yoxlamaq lazımdır. Yağ nə qədər açıq rəngdə olarsa, bir o qədər yaxşıdır. Avtomobildən çıxan işlənmiş qazlar qatı və ya mavi rəngdə olmamalıdır. Mühərrik rəvan işləməlidir.
"Avtomobilin nə qədər məsafə qət etdiyi ilə bağlı dəyişikliklər edilib-edilmədiyini ön şüşənin vəziyyətinə əsasən təyin etmək olar. Əgər avtomobil beş yaşındadırsa, lakin şüşəsi onillik avtomobilinki kimi sürtülmüş vəziyyətdədirsə və eyni zamanda, odometr 100 min kilometrdən az məsafəni göstərirsə, o zaman qət etdiyi məsafə göstəriciləri dəyişdirilib deməkdir", - deyə ekspert vurğulayıb.