"Olimpiadalarda əsas üç idman növü üzrə medallar qazanırıq - güləş, cüdo və boks. Çünki bunlar təkbətək döyüş növləridir və ölkəmizdə bu ənənə qədimdən mövcuddur. Azərbaycan müstəqillik qazandıqdan sonra əsas bu üç idman növü inkişaf etməyə başladı".
Bu sözləri hakimiyyet.az-a videomüsahibəsində Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
O, Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan millisinin əldə etdiyi göstəricilərdən, MOK-un növbəti olimpiya oyunları üçün hazırlığından və nəsil dəyişikliyi prosesindən bəhs edib:
- Paris Olimpiadasına nisbətən çox idmançı ilə qatılsaq da, cəmi yeddi medal qazandıq. Bu nə ilə əlaqədar idi, hakimlərin ədalətsiz qərarları da bunda rol oynadı?
- Hakimlərin haqsızlığı hər zaman ola bilər. Bu, fərdi məsələdir. Hakimlərin bizə qarşı sistematik haqsızlıq etdiklərini qəbul etmirəm, elə deyil. Hakimlik 95-99 faiz ədalətli keçir. Lakin bəzi hallar olur, hakimlər də insandır, səhv edirlər.
Bizim medallarımızın sayının az olmasına, əsasən, idmançılarımızın yarış ərəfəsində çox zədə almaları səbəb oldu. Sırf zədə səbəbindən yüzfaizlik iki medalı itirdik. Cüdoda Elcan (Hacıyev - red.) medal qazana bilərdi, zədələndi, güləşdə Sənan Süleymanov da medal qazana bilərdi, zədələndi. Digər yarışlarda oxşar hallar oldu.
Elə olimpiada olub, 18, eləsi də olub, cəmi yeddi medal qazanmışıq. Əsas odur ki, olimpiadaya hazırlıq dövrü güclü olsun. Məsələn, fikir vermisinizsə, idmançılarımız son iki ildə böyük nəticələr əldə ediblər, dünya, Avropa çempionu olublar, stabillik nümayiş etdiriblər. Nə qədər çox stabil idmançı yetişdirsək, olimpiya oyunlarında da nəticələri olacaq.
Ətraflı - videomüsahibədə:
Çingiz Hüseynzadə: "Hakimlər də insandır, səhv edirlər"
Anar Həsənov