COP29 çərçivəsində KOB-ların yaşıl keçidinin təşviqinə dair sənədlər imzalanıb

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində KOB-ların yaşıl keçidin təşviqinə və bu sahədə əməkdaşlığına dair sənədlər imzalanıb.

AZƏRTAC xəbər verir ki, KOB-lar əksər iqtisadiyyatların onurğa sütununu və qlobal təchizat zəncirinin əsas hissəsini təşkil edir. Buna görə də iqlim dəyişikliyi ilə mübarizə məsələlərində KOB-ların fəaliyyəti də önəmlidir. KOB-ların yaşıl keçidi onların rəqabət qabiliyyətini və yeni bazarlara çıxış imkanlarını artırmaqla, dayanıqlı inkişafı təşviq edir.

Mavi Zonada təşkil olunmuş imzalanma mərasimində "KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi" imzalanması üçün beynəlxalq qurum və təşkilatlara açıq elan edilib. İlk olaraq, bəyannaməni Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Beynəlxalq Ticarət Mərkəzi (ITC) və Braziliyanın Mikro və Kiçik Müəssisələrə Dəstək Xidməti (SEBRAE) imzalayıblar.

Qeyd edək ki, KOBİA-nın təşəbbüsü ilə hazırlanmış "KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi" qlobal səviyyədə KOB-ların yaşıl iqtisadiyyata keçidi üzrə birgə səylərin birləşdirilməsi və bu sahədə əməkdaşlığın qurulması məqsədini daşıyır. Bəyannamə kiçik bizneslərə təcrübələri mənimsəməkdə kömək etmək üçün məlumatlılığın və potensialın artırılması, yaşıl maliyyəyə çıxışın yaxşılaşdırılması və innovasiyaların təşviqi öhdəliyini götürür.

Həmçinin KOBİA, ITC və SEBRAE arasında "KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi"ndən irəli gələn məsələlərə, KOB-ların yaşıl keçidinin asanlaşdırılması üzrə birgə əməkdaşlığa dair sənədlər də imzalanacaq.

0.045280933380127