AISEL-dən “Sual var” - VİDEO

Bəstəkar-müğənni AISEL (Aysel Məmmədova) yeni triloji “EP” albomunu təqdim edib.

“Sual Var” adlanan albomdakı mahnıların bəstələri ifaçının özünə, sözləri isə Nəriman Abbaszadəyə aiddir. Xatırladaq ki, bu ifaçının Nəriman Abbaszadə ilə ilk işi deyil. Daha öncə, “Nə isə...” və “Dönən deyiləm” mahnılarının sözləri də nəğməkar-şair Nəriman Abbaszadəyə aiddir. Mahnıların aranjimanı, miks-masterinqi üzərində isə Emin Kərim (STKHA) çalışıb. Qeyd edək ki, trilogiya olaraq, təqdim olunan albom Azərbaycanda ilkdir.

“EP” albomunda ilk sırada - “Yenə Sevərəm” mahnısı yer alıb. Klipi ilə təqdim olunan mahnının ekran işinin müəllifi Royal Cəfərovdur. İkili daha öncə də “Qaradan qara”, “Dönən deyiləm”, “Olarmı” və “Nə var, nə yox” kliplərində də birgə çalışıb.

“EP” albomunun adını daşıyan və ikinci pillədə  - “Sual Var” mahnısı qərarlaşıb.  “Bu aralar Bakı məni çox yordu” sözləri ilə incikliyini ifadə edən mahnı cavabsız sualları ilə qarşı tərəfə “Gəl, qoruyaq bu hissləri” mesajını verir.

“EP” albomunu “Yada düşdün” mahnısı ilə yekunlaşdıran müğənni dinləyicilərinə əsl payız ab-havalı hissləri yaşadacaq.

“Sual var” sənətçinin bu il təqdim etdiyi ikinci albomudur. Mart ayında “SS production”la birlikdə Azərbaycan dilində “ON” adlı ilk studiya albomunu təqdim edən ifaçı “Azərbaycan Apple Music Top Albom 100” çartında 1-ci olub və 22 həftə həmin çartda qalıb.

Ümumilikdə bu, bəstəkar-müğənni AISEL-in 4-cü “EP” albomudur.

0.094171047210693