Yevlaxda “TikTok”er Əhmədi qətlə yetirən Salehin yaxınları DANIŞDI - YENİLƏNİB + VİDEO

“Yevlaxda öldürülən şəxs 5-ci sinif şagirdinə hədiyyələr verib, daha sonra onu hədələyirmiş”.

Bu fikirləri “Unikal”a 32 yaşlı Əhməd Nəsibovun qətli ilə bağlı hadisəni törətməkdə şübhəli bilinən Yevlax rayon sakini Saleh Əliyevin bacısı Gülnar Məmmədova deyib.

O bildirib ki, hər şey Əhməd Nəsibovun uşağa papaq hədiyyə etməsindən sonra başlayıb. Uşağın nənəsi həmin şəxsin yaşadığı ünvana gedərək Əhməd və anası ilə görüşüb, onların nəvəsindən uzaq durmalarını tələb edib.

Buna baxmayaraq, Əhməd Nəsibov yenidən uşağın qarşısını kəsərək ona çips verib və kəmər də hədiyyə edəcəyini deyib. Ailə Əhməd Nəsibovdan polisə şikayət edib.

Bu dəfə Əhməd yenidən uşağın qarşısını kəsərək ona pul verib, ardınca boğazına bıçaq dirəyərək, bu barədə evdə heç kimə məlumat verməməsini deyib və onu hədələyib.

Uşağın atası Əhmədlə görüşüb və bu hərəkətlərinə son qoymasını tələb edib. Uşağın dayısı Saleh Əliyev isə hadisədən xəbər tutan kimi Əhməd Nəsibovu taparaq onu odlu silahla qətlə yetirib.

Qeyd edək ki, Saleh Əliyev Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşıdır.

11:22

Yevlax şəhərindəki parkda 1991-ci il təvəllüdlü Əhməd Nəsibovun başından güllələnərək öldürülməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, ilkin araşdırmalar zamanı “TikTok”da videoları ilə tanınan Əhmədin sosial şəbəkədəki fəaliyyətinə görə öldürülməsi üzə çıxıb.

Belə ki, cinayət əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini 1989-cu il təvəllüdlü Saleh Azər oğlu Əliyev Ə.Nəsibovun azyaşlılarla bağlı qeyri-etik hərəkətlər etdiyini iddia edib.

O, ilkin ifadəsində 32 yaşlı şəxsi bu səbəbdən parkda “Makarov” markalı tapança ilə güllələdiyini bildirib.

Hadisənin görüntüləri ərazidə olan şəxs tərəfindən lentə alınıb. 

Fakta görə Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Saleh Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

 

0.18267107009888