DSCE-nin keçmiş baş katibi: “Azərbaycanla BƏƏ arasında əməkdaşlıq perspektivli əhəmiyyətə malikdir”

“Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında əlaqələr yaxşı səviyyədədir və inkişaf etməkdə davam edir”.

Bunu hakimiyyet.az-a açıqlamasında Dubay Ali Enerji Şurasının (DSCE) keçmiş baş katibi və icraçı direktoru, “Shell Abu Dhabi BV” şirkətinin keçmiş sədri və icraçı direktoru Nəcib Zaafrani deyib.

Onun sözlərinə görə, ölkəmiz bu əlaqədən çox faydalı şeylər öyrənə bilər.

“BƏƏ bərpa olunan enerji sahəsində qabaqcıl ölkədir. Burada Günəş enerjisi bazarı fəal şəkildə inkişaf edir. Dubayda dünyanın ən böyük Günəş panelləri parkı tikilib və bu, Əmirliklərə daha davamlı gələcəyə yol açmağa imkan verib.

Bundan əlavə, Azərbaycanın BƏƏ və Böyük Xəzər regionunun digər ölkələri ilə əməkdaşlığı perspektivli əhəmiyyət kəsb edir. Sizin ekoloji yolu tutmağa və “Net Zero by 2050”yə (21-ci əsrin ortalarına qədər yaşıl enerjiyə keçid və iqlim neytrallığına nail olmaq üçün ətraflı plan - red.) nail olmağa kömək edəcək uzunmüddətli tərəfdaşlara ehtiyacınız var.

Ekoloji təmiz və etibarlı elektrikə doğru bu addım sizi qlobal arenaya aparacaq. Bu sahədə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq böyük potensiala malik olan Azərbaycan üçün böyük əhəmiyyət kəsb edəcək”, - deyə N.Zaafrani əlavə edib.

Rufina Abdullayeva

0.49701499938965