İsrail-HƏMAS razılaşması: Nələr gözlənilir? - ŞƏRH

İsraillə HƏMAS arasında atəşkəs razılaşması əldə edilib.

Onların danışıqlarında Qətər, Misir və ABŞ nümayəndələri vasitəçi qismində çıxış ediblər.

Razılaşmaya əsasən:

- İsrail qadınlardan və yeniyetmələrdən ibarət olan 300-ə qədər məhbusdan bir qismini azad edəcək,

- HƏMAS Qəzza zolağında saxladığı 240 girovdan 50-ni azad etmək öhdəliyi götürüb.

Atəşkəs dördgünlük dövrü əhatə edir, bu, İsrail-HƏMAS döyüşlərində qısamüddətli fasilə deməkdir. Lakin inandırıcı gəlmir ki, atəşkəs razılaşması əməliyyat planlarının təxirə salınmasına gətirib çıxarsın.

Hərçənd, qeyd edilən razılaşmalar üzrə əsir və girovların mübadiləsi reallaşsa, İsraillə HƏMAS-ın gələcək danışıqlarında nəzərəçarpacaq konstruktivlik müşahidə olunar.

Ancaq bu, hələlik reallaşması zəif ehtimal olunan bir versiyadır, çünki İsrail Müdafiə Qüvvələrinin rəsmisi Conatan Konrikus deyib ki, ölkəsi HƏMAS-ı dağıtmağa davam edəcək.

Ümumilikdə atəşkəs razılaşmasının əhatə edildiyi dörd gündə silah səsləri eşidilməyəcəyinə də zəmanət vermək olmur.

İkinci bir cəhət - atəşkəs sazişinin əhatə etdiyi dövr sakit keçsə belə, bu, orduların komplektləşdirilməsi, yerbəyer edilməsi, dislokasiya yerlərinin dəyişməsinə bir xeyli münbit şərait yaradır.

Deməli, İsrail özünü təhdid edən faktorları aradan qaldırmağa, HƏMAS isə İsraili zəiflətmək üçün hərbi qarşıdurmaları davam etdirməyə sadiqdir.

HƏMAS-ın İsrailə qarşı tutumu Fələstinin ümumi yanaşmasını əks etdirmir, o, daha çox, İranın dili və məntiqi ilə danışır, hərəkət edir.

Çünki HƏMAS İran üçün proksi qüvvə rolunu oynayır, hərçənd, çox da inandırıcı deyil ki, Tehran HƏMAS-a dəstəyini misilsiz və sonadək göstərə bilər. İran hazırda HƏMAS-İsrail müharibəsini yönləndirməyə cəhd edir, əgər istiqamət Tehranın münaqişəyə cəlb olunma səviyyəsinə qədər irəliləsə, onda İslam Respublikasının manevri dəyişə bilər.

Bununla belə, HƏMAS-la İsrailin bir-birlərinə qarşı davamlı güc tətbiqi göstərməsinin davam edəcəyi gözləniləndir.

Dördgünlük atəşkəs Yaxın Şərqdə maraqları yeni zirvələrə doğru ucalan oyunçuların da strateji yanaşmalarını irəlilətməyə fürsətlər verir. Buna görə də Yaxın Şərqin İsrail-Fələstin səhnəsində proseslərin hansı yekuna doğru gedəcəyi ikitərəfli qarşıdurmaları (İsrail və Fələstin kontekstində) körükləyən, regionda maraqları kəsişən güclərin yanaşmalarından asılı olacaq.

Hüquqi və faktiki paradiqmalar içərisində çaşqınlıqların çoxalacağı istisna deyil, çünki regionda ABŞ, Rusiya və Çin kimi qlobal güclərin hibrid çəkişməsi davam etməkdədir.

Onların özləri üçün müəyyən etdikləri “qırmızı xət”lərin ayaqlanması riskləri İsrail-Fələstin müharibəsinin taleyinə mühüm təsirləri göstərəcək.

Aqşin Kərimov

0.59735703468323