Bakıda bulvar ərazisində gəminin batma səbəbi bilindi - YENİLƏNİB + FOTO/VİDEO

Bu gün saat 11:10 radələrində Yaxta klubdan gəzinti məqsədilə dənizə çıxan “Delfin-2” gəmisi sualtı mane ilə üzləşib və nəticədə qəza baş verib.

Bu barədə Dövlət Dəniz və Liman Agentliyinin Mətbuat Xidmətinin Bakıda bulvar ərazisində gəzinti qayığının batması haqqında məlumatında qeyd olunub:

“Həmin an gəmidə üç heyət üzvü  və üç sərnişin olub. Dərhal Dövlət Dəniz və Liman Agentliyinin  Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinin operatorları FHN və Sahil Mühafizə Xidmətinə məlumat veriblər. Gəmidə olan şəxslər xilas olunub. Heç bir itki yoxdur. Hazırda hadisə ilə bağlı araşdırma aparılır”.

12:39

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Bulvar ərazisində dənizdə gəzinti qayığının çevrilməsi və gəmidəki şəxslərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirliyin Mətbuat Xidmətindən bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb edilib.

Əməliyyat şəraiti qiymətləndirilərkən gəzinti qayığının alt hissəsinin zədələnməsi və gövdəsinə su dolması nəticəsində üçü ekipaj üzvü, üçü sərnişin olmaqla altı nəfər vətəndaşın təhlükəli vəziyyətdə qalması məlum olub.

FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ilə birgə həyata keçirdikləri xilasetmə əməliyyatı nəticəsində vətəndaşlar xilas ediliblər.

 
12:29

Bakıda bulvar ərazisində gəzinti qayığının batması ilə bağlı məlumat daxil olan məlumat üzrə DİN-in Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları xilasetmə tədbirlərinə cəlb ediliblər.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları batma təhlükəsinə məruz qalan şəxsləri müvafiq dövlət qurumunun əməkdaşları ilə birgə xilas ediblər.

11:54

Bakıda Bulvar ərazisində gəzinti qayığı batıb.

Fövqəladə Hallar Nazirliyindən hakimiyyet.az-a verilən məlumata görə, hadisə ilə bağlı “112” qaynar xətinə gəzinti qayığının batması ilə bağlı məlumat daxil olub.

Dalğıc axtarış xilasetmə əməkdaşları hadisə yerinə cəlb ediliblər.

İlkin məlumata görə, batma təhlükəsində olan vətəndaşlar xilas olunublar.

Aysel Aslan

0.080200910568237