Balakəndə pirotexniki vasitələrin satışı ilə məşğul olan bərbər məsuliyyətə cəlb olunub - FOTO

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat Xidmətindən verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayonun Püştətala kəndində yerləşən bərbərxanada orada fəaliyyət göstərən O.Gondolov tərəfindən pirotexniki vasitələrin gizli şəkildə satıldığı müəyyən edilib. Bərbərxanadan müxtəlif növ pirotexniki vasitələr aşkar olunaraq götürülüb.

Şöbənin Qabaqçöl Polis Bölməsinin əməkdaşları tərəfindən də bu istiqamətdə keçirilmiş tədbirlər nəticəsində istifadəsində olan “VAZ” markalı avtomobillə səyyar şəkildə pirotexniki vasitə, partlayıcı və tezalışan maddələr satan şəxs müəyyən olunub.

Hər iki nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (istehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin yerinə yetirilməsi ) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

0.078248023986816