Daha 104 nəfər doğma Füzuli şəhərinə qayıdır - VİDEO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

hakimiyyet.az-ın məlumatına görə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yanvarın 26-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 30 ailə - 104 nəfər köçürülür.

Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Füzulinin balaca sakini Famil Məmmədli isə yola düşməmişdən öncə qarmonda “Qarabağ” (daha çox “Anadır arzulara hər zaman Qarabağ” adı ilə tanınır - red.) mahnısını ifa edib.

Xatırladaq ki, indiyədək Füzuli şəhərində 500 ailənin (1 854 nəfər) daimi məskunlaşması təmin edilib.

Aytac Qasımova

0.086132049560547