Prorektorun qətli ilə bağlı məhkəmə işində şahid: “Qardaşımın psixoloji problemləri vardı”

“Təfəkkür” Universitetinin prorektoru Tariyel Əhmədovun qətli ilə bağlı məhkəmə istintaqı yekunlaşmaq üzrədir.

“Qafqazinfo”nun məlumatına, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda şahidlər ifadə veriblər.

Şahidlərdən biri təqsirləndirilən Dəyanət Quliyevin bacısı, digəri həyat yoldaşıdır. İttihama görə, D.Quliyev cinayətin təşkilatçısıdır. Hadisə vaxtı sözügedən universitetin rektoru işləyən dayısı Müşfiq Atakişiyev prorektorun qətlini ona sifariş verib, o, isə qətli dostu Samir Quliyevə icra etdirib.

Dəyanətin bacısı Günel Quliyevanın dediyinə görə, iki il əvvəl qardaşının psixoloji problemləri yaranıb. Bundan sonra mütəmadi olaraq müalicə alıb: “Saxlanılan gün də həkimə getməli idi, amma imtina etdi. Axşam telefon zəngi vasitəsilə hadisəni polisə etiraf edib”.

G.Quliyeva ibtidai istintaq dövründə müstəntiqə daha geniş ifadə verib. İfadəsində həm dayısı Müşfiq Atakişiyevin onlara göstərdiyi qayğıdan, həm qardaşının pis vərdişlərindən danışıb:

“Atamın ölümündən sonra dayım bizə atalıq etdi. Bütün xərclərimizi o çəkib. İçimizdən ən çox da Dəyanətə qayğı göstərirdi. Onu işlədiyi universitetdə oxutdu. Dəyanət sonralar içki içməyə, qumar oynamağa başladı. İki il əvvəl mənə zəng etdi, krediti olduğu üçün borca pul istədi. Onda bildim ki, qumar oynayır. Pulu ona görə istəyir. Qumara görə sonralar dayım da ona pul verməyib”.

Daha sonra D.Quliyevin həyat yoldaşı Elnarə Quliyeva şahid qismində ifadə vermək üçün zala dəvət edilib. Qanuna görə, şahid yaxın qohumlarının əleyhinə ifadə verməyə bilər. Quliyeva da bu hüququndan istifadə edib, ifadə vermək istəməyib.

Məhkəməyə sədrlik edən hakim Siyavuş Hacıyev şahidin istintaq dövründə verdiyi ifadəsini elan edib. Elnarə müstəntiqlə danışığında deyib ki, Samir Quliyev tez-tez Dəyanətə zəng edərək ondan pul istəyirmiş. Dəyanətin həmişə razılaşması isə onu şübhələndirib. Şahid ərinin həbsindən əvvəl M.Atakişiyevə zəng etməsindən də danışıb: “Həbsindən əvvəl sonuncu dəfə dayısına zəng edib. Deyib ki, tavana görə 4 min manat lazımdır. Dayısı pul vermədiyi üçün polisə etiraf edib”.

Bununla iş üzrə bütün şahidlərin ifadəsi yekunlaşıb. Martın 13-nə təyin olunmuş prosesdə sənədlərin tədqiqi, daha sonra prokurorun çıxış edəcəyi gözlənilir.

Xatırladaq ki, hadisə 2011-ci ildə baş verib. İttihama görə, həmin vaxt “Təfəkkür” Universitetinin rektoru işləyən Müşfiq Atakişiyev özünə rəqib hesab etdiyi prorektor Tariyel Əhmədovun qətlini sifariş verib. Sifarişin təşkilatçısı bacısı oğlu Dəyanət Quliyev, icraçısı isə D.Quliyevin qonşusu Samir Quliyev olub.

Onlara qarşı Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. M.Atakişiyev həbsinə kimi Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru işləyib.

0.062588930130005