Qərbin Cənubi Qafqazda yeni müharibə planı: Ermənistan fəlakətə sürüklənir - ŞƏRH + FOTO

Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycanla şərti sərhəddə törətdiyi son təxribatın gerçək səbəbləri get-gedə üzə çıxır. Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də Qarabağda həyata keçirdiyi antiterror tədbirlərindən sonra ilk dəfə baş verən insidentin heç də təsadüf olmadığı, bunun arxasında daha böyük məkrli planın gizləndiyi aydınlaşır. Belə ki, bölgədə sülh prosesinə əngəl olan Qərb hər vəchlə Ermənistanı müharibəyə təhrik edir. Qərb mediasında, ekspert dairələrində Azərbaycan əleyhinə materialların dərcinin artması da bundan xəbər verir. Əksər nəşrlərdə bir xətt keçir - guya Bakı Ermənistana qarşı hücuma hazırlaşır. Hədəf də gələcək erməni təxribatları üçün informasiya fonu yaratmaqdır. “Ermənistana təhdid olan Azərbaycan” təbliğatını genişləndirmək, ictimai rəyi planlaşdırdıqları təxribata hazırlamaq məkrli planın əsas hissəsidir.

Yeri gəlmişkən, bir müddət əvvəl mediada Fransanın Ermənistanı “ildırım sürətli müharibə” planına hazırlaması haqda yayılan xəbərlərin də hədəfi bəlli olur. Baş nazir Nikol Paşinyanın Parisə səfəri zamanı müzakirə olunan planın mahiyyəti ondan ibarət idi ki, Ermənistan qəfil hücumla şərti sərhəddə bir neçə yüksəkliyi ələ keçirir, nəticədə danışıqlar prosesində onun əli güclənir.

Hamıya məlumdur ki, Ermənistan baş nazirinin Fransa səfərinin əsas hədəfi heç də İkinci Dünya müharibəsində ölən ermənilərin təkrar basdırılması olmayıb. Məqsəd Parisdə Fransa prezidenti Emmanuel Makrondan müəyyən tapşırıqlar alıb və buna uyğun hərəkət etmək idi. Baş nazirin Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyanla görüşü də bu planın tərkib hissəsidir. Daşnak lideri Ermənistanda revanşist qüvvələrə ciddi dəstək verir, Paşinyanın qatı əleyhdarı kimi tanınır. O, Türkiyə və Azərbaycana qarşı total hücum kampaniyasının ideoloqlarından hesab edilir, Nikol Paşinyana qarşı sərt bəyanatlar verir. Görünür, Fransaya onların hazırda küsülü qalması sərf etmir.

Müharibəyə təhrik edilən Ermənistanın silahlandırılması da təsadüfi deyil. Hazırda Paris prosesi öz üzərinə götürüb. Rəsmi Paris həm də Hindistan vasitəsilə onun lisenziyası ilə istehsal olunan silahları ermənilərə verir, eləcə də, fransız hərbçilər Ermənistanın piyada və dağatıcı bölmələrinə təlimlər keçirlər.

Digər bir məsələ Ermənistanda yerləşdirilən Avropa İttifaqının “sülh missiyası” ilə bağlıdır. Bu missiya son günlər anti-Azərbaycan fəaliyyət göstərir və bəyanatlar səsləndirir, eyni zamanda Rusiyanı, onun ölkədəki hərbi kontingentini hədəfə alır. Başda baş nazir Nikol Paşinyan olmaqla Ermənistan rəsmiləri bu istiqamətdə sərt açıqlmalar verirlər. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qarşı artan hücumları da bu kontekstdən qiymətləndirmək gərəkdir. Əvvəl hökumət başçısının fevralın 24-də “France 24”ə müsahibəsində Ermənistanın qurum daxilindəki fəaliyyətini dayandırdığını bildirib. Daha sonra Ermənistan parlamentinin spikeri Alen Simonyan bu məsələ ilə bağlı bildirib ki, İrəvanın KTMT tədbirlərində iştirak etməməsi əslində münasibətlərin dondurulması deməkdir. O, bu açıqlaması ilə Ermənistanın KTMT ilə bağlı mövqeyini növbəti dəfə dilə gətirmiş olub. Bu, Ermənistanın Rusiyadan uzaqlaşmasının və Qərbə tərəf daha çox meyillənməsinin təzahürüdür. Maraqlıdır ki, Ermənistanın KTMT-dən uzaqlaşması istiqamətindəki addımları bu dövlətin Qərb ölkələri, o cümlədən Fransa ilə yaxınlaşması, habelə təhlükəsizlik zəmanətlərindən şikayət etdiyi dövrə təsadüf edir.

Qərbin bölgədə yeni müharibə istəyini sübut edən əsas faktlara gəldikdə bunlar bəllidir. Birmənalı şəkildə Ermənistanı müdafiə edib, sərhəd təxribatında onun deyil, Azərbaycanın hədəfə alınması çirkin planın tərkib hissəsidir.

Beləliklə, Ermənistanın kor-koranə Qərbdən aldığı tapşırıq və əmrlərə uyğun hərəkət etməsi bu dövlətin hələ də proseslərdən düzgün nəticə çıxarmadığını təsdiqləyir. Nə 44 günük müharibənin acı məğlubiyyəti, nə 2023-cü il 19-20 sentyabrda antiterror əməliyyatların nəticələri İrəvan üçün dərs olub. Həmin qüvvələrə elə Prezident İlham Əliyevin sözlərini xatırlatmaq istərdik. Dövlət başçısı yanvarın 12-də yerli telekanallara müsahibəsində bir daha bildirilib ki, əgər Azərbaycanın təhlükəsizliyinə azacıq da olsa təhdid yaransa, bu təhdid harada, Ermənistan ərazisinin hansı dərinliyində olsa da, Bakı onu dərhal, sadəcə, məhv edəcək.

“Report” İnformasiya Agentliyi

2.503026008606