Elvira Mirsəlimova: “Paşinyanın açıqlamaları nikbinliyə əsas vermir” - MÜSAHİBƏ

Keçən həftənin sonunda Belarusda 2020-ci ilin avqustunda keçirilən prezident seçkisindən (həmin vaxt müxalifətin etirazları ölkəni bürüsə də, heç bir nəticə verməmişdi) bəri ilk parlament seçkisi keçirilib. Ölkə vətəndaşları Nümayəndələr Palatasını və yerli şuraları seçiblər.

Müşahidəçilər arasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrdən böyük bir nümayəndə heyəti olub, lakin Belarusdakı seçkini görməzdən gələn Ermənistanın nümayəndələri orada iştirak etməyiblər.

Aydındır ki, İrəvanın bu davranış xətti Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəsinin nəinki KTMT-də iştirakını “dondurduğu”, hətta “hüquqi dondurulmağa” hazır olduğu barədə sözlərini bir daha təsdiqləyir. Amma təşkilatın özünə Ermənistan tərəfindən heç bir rəsmi müraciət daxil olmayıb və ümumiyyətlə, orada heç bir ölkənin öz fəaliyyətini “dondurması” mexanizmi yoxdur.

Eyni zamanda, Ermənistanda hakim “Vətəndaş sazişi” partiyasının deputatı Qagik Melkonyan erməni jurnalistlərə müsahibəsində Ermənistan bir ilə yaxındır, KTMT ilə bağlı tədbirlərdə iştirak etmədiyini bildirib. Sonra isə Q.Melkonyan Belarusu və onun Prezidenti Aleksandr Lukaşenkonu təhqir edərək həm Belarusun, həm də onun prezidentinin “Rusiyanın qulları kimi yaşadıqlarını”, ermənilərin isə bunu istəmədiklərini deyib.

Yeri gəlmişkən, Belarus dövlətinin başçısı Aleksandr Lukaşenkonun özü də artıq Ermənistanın KTMT-dən mümkün ayrılması ilə bağlı fikirlərini bildirib:

“Biz buna tamamilə sakit reaksiya veririk. Onlar KTMT-də olmaq istəmirlərsə, olmasınlar. Təşkilat onlarsız dağılmayacaq, məhv olmayacaq”.

Belaruslu siyasətçi, “Vətəndaş harmoniyası” hərəkatının təşkilat komitəsinin həmsədri Elvira Mirsəlimova vəziyyəti hakimiyyet.az-a şərh edib.

- Ermənistan KTMT-dən çıxacaqmı?

- Mən bu fikirdəyəm ki, Rusiya həm hərbi baxımdan, həm də strateji potensiala görə özünü təmin edir. Bu terminin istənilən mənasında supergücdür. Məhz Rusiyanın gücünə, imkanlarına və dəstəyinə görə keçmiş postsovet ölkələri apriori ona ehtiyac duyurlar. Onların birliyinin adı necə olur-olsun - KTMT və ya gələcəkdə nə isə başqa bir şey.

Beləliklə, Belarus yalnız Rusiyanın köməyi ilə, onunla birləşərək müstəqilliyini qoruya bilər. Biz, birlik və inteqrasiya gündəminin nümayəndələri, uzun illərdir deyirik ki, bizə vahid silahlı qüvvələr lazımdır, vahid qərar qəbul edən mərkəz olmalıdır. Bu, demək olar ki, onilliklər sonra həyata keçirilir. Bilirsiniz ki, bizdə indi vahid hava hücumundan müdafiə sistemi, Rusiyanın nüvə silahları, “İskəndər”lər və s. var.

Təəssüf ki, Ermənistanın hakim dairələri, deyəsən, əks istiqamətdə hərəkət etmək qərarına gəliblər. Onlar ayrılığa üz qoyublar. Yaxud da şantaj yolundadırlar. Kaş səhv etmiş olardım. Lakin Paşinyanın açıqlamaları nikbinliyə əsas vermir.

Rusiyanın Gümrü və İrəvanda olması təsadüfi deyil. Bu, siyasi alətdir: həm “uzaq sərhədlər”, həm təsir və s.

Ona görə də gələcəkdə Ermənistanın KTMT-dən mümkün çıxması yalnız onun özünə təhlükə yaradacaq və Qərb vektorunun təsirini davam etdirəcək.

- Ermənistanda hakim partiyanın deputatının həm ölkənin, həm də Aleksandr Lukaşenkonun Rusiyanın qulu olması ilə bağlı sözlərinə Belarus necə reaksiya verə bilər?

- Ümumiyyətlə, Belarus əhalisi, yumşaq desək, burada heç kimin xəbər tutmayacağı bu cür bəyanatlara əhəmiyyət vermir. Bircə şişirdilmiş təbliğatçılar bundan piar üçün istifadə edə bilərlər ki, bu da ictimai həyəcanı müəyyən dərəcədə artırar. Amma biz “meymun baxar güzgüyə, adını qoyar özgəyə” misalını yaddan çıxarmırıq. Belarus və Rusiyanın sinxronlaşması və inteqrasiyasının dərinləşməsi yalnız alqışlana bilər. Amma Belarus prezidenti, bildiyimiz kimi, öz oyununu oynayır.

- Nikol Paşinyanın əvvəllər Qərbdə çoxlarının “Belarusun seçilmiş prezidenti” adlandırdıqları Svetlana Tixanovskaya ilə açıq-aşkar görüşü olub. Minsk buna diqqət yetiribmi?

- Belarusda Svetlana Tixanovskaya indi yalnız qərbpərəstləri və bəlkə də, dörd il əvvəlki paradiqmada yaşayan bəzi yerli təbliğatçıları maraqlandırır. Tixanovskaya təqaüdçü siyasətçidir, insanlar onu cəmiyyətdə praktiki olaraq xatırlamırlar. Bu, keçmişin təsadüfi faktorudur, həddindən artıq şişirdilmişdir.

- İrəvanın indiki hakimiyyətinin KTMT-də qarşıdurma yaratmaq istəyini necə izah etmək olar? Ola bilərmi ki, İrəvan KTMT-nin özünün Ermənistanı üzvlükdən çıxartmasına cəhd edir?

- İrəvanda müəyyən qüvvələr öz liderlərini sınanmış üsullarla hakimiyyətə gətiriblər və heç kim buna mane ola bilməyib. Etiraf edirəm ki, postsovet birliyinə can atan ermənilər öz ölkələrində baş verənlərə heç bir şəkildə müqavimət göstərə bilmirlər. Onlara ürəkdən yazığım gəlir, mövcud şəraitə dözə bilmirlər...

Ən böyük diasporlar, həm erməni, həm də azərbaycanlılar Rusiyada, Rusiyanın böyük şəhərlərində yaşayırlar. Ona görə də biz Cənubi Qafqazda baş verənlərə uzaqdan baxaraq, millətçiliyin baş qaldırmadığı, milli-dini zəmində qarşıdurmalar olmayan eyni ölkədə yaşadığımız keçmiş birliyi səmimi-qəlbdən arzulayırıq.

İrəvandan Rusiya sülhməramlılarına və Rusiya Federasiyasının rəhbərliyinə qarşı açıq narazılıq, məncə, əsassızdır və uzaqgörən deyil. Onlar nə düşünürdülər, rus sülhməramlıları kimə atəş açmalı idilər? Ermənistan-Azərbaycan məsələsi yalnız sülhlə başa çatmalıdır.

Nair Əliyev

0.11910796165466