Ukraynanın Xarkov vilayəti hər gün yeni hücumlarla üzləşir. Rusiya bir növ Ukraynaya qarşı hücum kampaniyası zamanı buradakı məğlubiyyətinin əvəzini çıxmağa çalışır.
Xarkovun müdafiəsindəki zəiflikləri Ukrayna Prezidenti Volodimir Zelenski də etiraf edir və o, Qərbə silah yardımı üçün səslənib.
Bu yaxınlarda Zelenski Niderlandın baş naziri Mark Rutte ilə birlikdə dağılmış Xarkova səfər etmişdi, onun çıxışındakı vətənpərvər narrativlər isə yalnız Ukraynanın ideoloji ruhuna təsir göstərə bilər.
Faktiki olaraq cəbhədəki vəziyyət silah və sursatlardan, canlı qüvvələrdən asılıdır ki, Ukrayna üçün bu, həyati əhəmiyyətli bir məsələyə çevrilib.
Zelenski elə reallıqlara da diqqəti cəmləşdirir və aydın şəkildə deyir ki, müdafiə oluna bilməsələr, Xarkov şəhəri Rusiyanın nəzarətinə keçəcək.
Rusiya qüvvələrinin son hücum kampaniyaları Luqansk-Xarkov sektoru üzrə perspektivləri göstərə bilər. Rusiya yəqin çalışır ki, Xarkov oxu üzrə mümkün əməliyyatlar nəzərəçarpacaq dərəcədə nəticə versin.
Lakin hələlik Xarkova genişmiqyaslı hücum barədə plan aydın deyil, hərçənd Zelenskinin özünün pessimist yanaşması Moskvanın əməliyyat taktikası barədə informasiya verir.
Görünür ki, Rusiya Xarkovda istədiyini qopara bilmək üçün müxtəlif oxlar boyunca bir-birini dəstəkləyən əməliyyatlar keçirməyi nəzərdə tuta bilər.
Rusiyanın bu müstəvidə necə taktiki performans göstərə biləcəyi isə sual altındadır, çünki o, eyni zamanda bir neçə cəbhədə paralel taktiki qazanc əldə etmək çətinliyi ilə üz-üzədir.
Ancaq bu, daha çox Ukraynanın silahlanmasından və canlı qüvvəsinin say nisbətindən asılıdır. Əgər Qərbdən Ukraynaya silah tədarükü vaxtında çatsa və Kiyev ordunun şəxsi heyətini komplektləşdirə bilsə, Rusiyanın Ukrayna cəbhəsinin şimal-şərq, şərq və cənubu üzrə döyüş gücü zəifləyə bilər.
Ancaq ABŞ-dəki prezident seçkisi kampaniyası fonunda Konqres Ukraynaya həyati əhəmiyyətli yardımları təsdiqləmir və bu, Rusiyanın əməliyyat planlamasına, məqsədlərinə vaxt qazandırır.
Hər halda, Kreml tez-tez yaydığı mövqelərlə geosiyasi məqsədlərə nail olmaq üçün hərbi səylərinin genişlənəcəyinə işarə verir. Təbii ki, Moskva mərkəzli tezislərin blef və reallıq cəhətləri bir-biri ilə culğaşır.
Görünür ki, Rusiya qüvvələri bir-birini dəstəkləyən kampaniyalarda maraqlıdır. Çünki Rusiya qoşunlarının irəliləməyə çalışdığı ərazilər bir-birini dəstəkləyir. Həmin ərazilər təxminən bir-birinə paraleldirlər və ukraynalı müdafiəçilərin eyni qruplarına təzyiq yaratmaq üçün kifayət qədər yaxındırlar.
Ukrayna isə cəbhənin hansı sektorunda necə müdafiə oluna biləcəyini fikirləşir. Ukrayna adekvat əks-hücum əməliyyatı üçün Qərbdən dəstək əməliyyatlarına ehtiyac duymağa davam edəcək. Hərçənd ki, Ukrayna cəbhədə taktiki problemlərlə üzləşdikcə, Rusiyanın sərhəd regionunda yerləşən şəhərlərinə, infrastrukturuna pilotsuz aparatlarla zərbələr endirə bilər.
Sözsüz ki, Rusiya quru əməliyyatlarına qədər raket, dron və artilleriya zərbələrini intensivləşdirmək qabiliyyətini göstərə bilər.
Aqşin Kərimov