“ABŞ kəşfiyyat orqanları öz kəşfiyyat mənbələrinin aşkarlanmasından qorxduqları üçün “Crocus City Hall”da terror aktı təhlükəsi ilə bağlı əllərində olan bütün məlumatları Rusiyaya ötürməyiblər”.
Bu barədə “The New York Times” (NYT) nəşri Avropa və ABŞ təhlükəsizlik xidmətlərinin rəsmilərinə istinadən dərc etdiyi materialda yazıb.
“Moskva və Vaşinqton arasında düşmənçilik münasibətləri ABŞ rəsmilərinə terrorçuların planı haqqında daha çox məlumat ötürməyə əngəl yaradıb. Çünki Rusiya hakimiyyəti onların kəşfiyyat mənbələri və ya üsulları barədə informasiya əldə edə bilərdi”, - deyə materialda bildirilib.
Qəzetin qeyd etdiyi kimi, ABŞ-nin Moskvadakı səfirliyinin Rusiyanın konsert məkanına mümkün ekstremist hücumu barədə ictimaiyyətə xəbərdarlıq etməsindən bir gün əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) yerli ofisi Rusiya rəsmilərinə özəl xəbərdarlıq göndərib. Xəbərdarlıqda əlavə bir detal olub ki, bu detalda “İslam dövləti - Xorasan”ın sözügedən məsələdə əlinin olduğu qeyd edilib.
Bununla belə, Rusiya hakimiyyəti bəyan edib ki, ABŞ kəşfiyyat orqanlarının verdiyi məlumatlar ümumi xarakter daşıyıb. Buna baxmayaraq, Moskva vurğulayıb ki, təhlükəsizlik xidmətləri bu xəbərdarlığa reaksiya veriblər.