Ucarda baş verən dəhşətli cinayətin TƏFƏRRÜATI: “Gecələr məndən xəbərsiz harasa gedirdi”

Ucar rayonunda 1988-ci il təvəllüdlü Məftun qısqanclıq zəminində həyat yoldaşı Rəqsanəni öldürüb, onun sevgilisi İlkinə (adlar şərti verilib - red.) xəsarət yetirib.

Teleqraf.com-un məlumatına görə, Məftun 1996-cı il təvəllüdlü tanışı İlkinin onun rəsmi nikah münasibətlərində olduğu 1995-ci il təvəllüdlü arvadı Rəqsanə ilə sevgi münasibətlərində olmasından şübhələnib.

Məftun qısqanclıq zəminində qisas almaq niyyəti ilə İlkini öldürmək qərarına gəlib. Bu məqsədlə İlkinin işlədiyi avtoyuma məntəqəsinə gəlib. Məntəqənin istirahət otağından götürdüyü bıçaqla İlkinin üzərinə hücum çəkib və arvadı ilə münasibətinin olduğunu etiraf etməsini istəyib. Məftun bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə ümumilikdə beş zərbə vurub.

Avtoyuma məntəqəsinin sahibi Sadiq Məftunun qarşısına keçib, İlkin yaranan şəraitdən istifadə edərək hadisə yerindən qaçıb. Yoldan keçən maşınla tibb müəssisinə çatdırılıb və həyatı xilas edilib.

Məftun arvadı Rəqsanənin İlkinlə, eləcə də tanımadığı digər şəxslərlə cinsi əlaqəyə girərək ona xəyanət etməsindən şübhələndiyindən, onu öldürmək qərarına gəlib. İlkini bıçaqladığı avtoyuma məntəqəsində olan, həmkəndlisinə məxsus “Mercedes” markalı avtomobillə Ucar rayonunun kəndində yerləşən evinə gəlib. Rəqsanənin olduğu otağa daxil olub və azyaşlı övladlarının gözləri qarşısında ona 33 bıçaq zərbəsi vurub. Qadın aldığı zərbələrdən vəfat edib.

İstintaq orqanı tərəfindən Məftunun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məftun ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O qeyd edib ki, həyat yoldaşını telefondakı səsə görə öldürüb:

“Həyat yoldaşım gecələr məndən xəbərsiz küçəyə çıxıb, harasa gedirdi. Gələndə də mənə heç nə demirdi. Ondan şübhələndiyim üçün telefonu evə qoyaraq getdim. Sonra telefonda səslərə qulaq asdım. Bu zaman başqa kişi səsləri eşitdim. Bu barədə yoldaşımdan soruşdum, mənə bir şey demədi. Bundan sonra onu öldürmək qərarına gəldim.

Həyat yoldaşımdan nə vaxt haradan gəldiyini təkrar soruşsam da, heç nəyi boynuna almadı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, telefonda səsə qulaq asanda tanışı İlkinin adını eşidib:

“Buna görə onun iş yerinə gedərək İlkini bıçaqla vurdum. Mən də həmin avtoyuma məntəqəsində işləyirdim. Bıçağı işlədiyim yerdən götürdüm. İlkini vurmazdan əvvəl onunla mübahisə etdim. Ondan həyat yoldaşımla münasibətinin olub-olmadığını soruşdum. O da heç nə demədi. İlkinə bıçaqla neçə zərbə vurduğumu xatırlamıram”.

Məftun bildirib ki, daha sonra evinə gedib və həyat yoldaşını öldürüb:

“Həyat yoldaşıma da neçə bıçaq zərbəsi vurduğumu xatırlamıram. Yoldaşımı vuran vaxt uşaqlar həyətdə idi. Mən qapıdan çıxanda uşaqlarımız evə gəldi. Uşaqlar belə bir hadisənin olacağını bilmirdilər. Çünki onlar çöldəydilər.

Həyat yoldaşımı vurduqdan sonra evdən çıxmadım. Gördüm, atam gəlir. Daha sonra bacımgilə getdim, onlarla vidalaşdıqdan sonra polisə təslim oldum”.

İş üzrə zərərçəkmiş İlkinin sözlərinə görə, hadisədən üç-dörd gün əvvəl Məftun sözügedən səsyazısını ona qulaq asdırıb:

“Səhv etmirəmsə, 23 dəqiqəlik səsyazısı idi. Ona iki dəfə qulaq asdım. Məftuna dedim ki, burada qeyri-adi heç nə yoxdur. Yalnız televizor və uşaqların səsi gəlirdi. Həmin söhbətdən üç gün sonra avtoyuma məntəqəsinə getdim. Məftunla eyni avtoyuma məntəqəsində işləyirdik. Oraya daxil olanda gördüm ki, Məftun gecəni burada qalıb. O, gecə saat üçdə gəldiyini və burada qaldığını bildirdi. Biz səhər işə başladıq, Məftun həmin gün işləyə bilməyəcəyini dedi. İşləməsə də biz ona 10 manat verdik, getdi. Məftun getməzdən əvvəl ona növbəti gün anamla Bakı şəhərinə gedəcəyimi, işə gəlməyini bildirdim. O da etiraz etmədi, işə gələcəyini bildirərək getdi. Bir də gördük, Məftun velosipedlə bir az fırlanaraq geri qayıtdı”.

İlkin qeyd edib ki, Məftun gəlib qonşusunun maşınını aparacağını bildirib:

“Ona dedik ki, içkilisən, maşını aparma. Məftun israr etdi. O, maşını avtoyuma məntəqəsindən üzü yola tərəf çıxardı. Maşının mühərrikini söndürmədən yanımıza gəldi. Oturduğum yerdə qəflətən mənə bıçaqla zərbələr endirdi. İş yoldaşımız Sadiq dayı qışqıraraq onun üzərinə gəldi. Məftun bir az aralandıqda vəziyyətdən istifadə edib yola qaçdım”.

İlkin bildirib ki, yolda tanışına rast gəlib, onunla xəstəxanaya gedib:

“Hadisədən iki gün sonra eşitdim ki, Məftun həyat yoldaşını öldürüb. Məftunun həyat yoldaşını tanımıram, adını belə bilmirəm. Hadisədən əvvəl Məftun mənə heç nə deməmişdi. Sadəcə telefonu mənə verib bildirmişdi ki, burada başqa səslər var. Mən də kişi səsi yox, televizorun səsi olduğunu söylədim. O, bibisi oğlundan şübhələndiyini bildirdi. Onun mənə hansı səbəbdən xəsarət yetirdiyini bilmirəm. Səsdə mənim adım çəkilmirdi. Orada ancaq uşaq səsləri var idi”.

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Məftun 18 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

0.059282064437866