Tayvan sahillərində baş verən güclü zəlzələdə ölənlərin sayı 7 nəfərə çatıb.
Bildirilib ki, yeraltı təkanlar zamanı 736 nəfər isə yaralanıb.
Qeyd edək ki, Tayvanın Mərkəzi Meteorologiya İdarəsinin məlumatına görə, bu, son 25 ildə Tayvanda baş verən ən güclü zəlzələ olub.
08:38
Tayvan sahillərində baş verən güclü zəlzələ nəticəsində azı dörd nəfər ölüb, 97 nəfər yaralanıb.
Bu barədə yerli KİV informasiya yayıb.
Qeyd edək ki, zəlzələnin episentri Tayvanın şərq sahilləri yaxınlığında yerləşib. Bundan sonra hündürlüyü üç metrə çatan sunami təhlükəsi elan edilib.
07:13
Tayvanda baş verən 7,5 maqnitudalı zəlzələ nəticəsində azı bir nəfər ölüb, 50 nəfər yaralanıb.
Bu barədə Tayvanın Yanğınsöndürmə Xidməti məlumat yayıb.
Hualyanda, Çjunşan və Çunçin küçələrinin kəsişməsindəki binanın birinci mərtəbəsi dağılıb, bina əyilib, lakin dağılmayıb. Hadisə yerinə gələn xilasedicilər yanğın nərdivanlarından istifadə edərək sakinləri pəncərələrdən çıxarıblar.
Zəlzələ Pekin vaxtı ilə saat 07:58-də (Bakı vaxtı ilə 03:58) baş verib və bütün Tayvanda hiss olunub. Yerli seysmoloqların məlumatına görə, zəlzələnin episentri Hualyan şəhərindən 25 km cənub-şərqdə Sakit okeanda, zəlzələ ocağı isə 15,5 km dərinlikdə yerləşib. Bundan sonra ərazidə 20-dən çox yeraltı təkan qeydə alınıb.
Bildirilir ki, bu, son 25 ildə Tayvanda baş verən ən güclü zəlzələdir. Təbii fəlakət səbəbindən digər ölkələrdə sunami təhlükəsi elan olunub.