Azərbaycanda monitorinqlərə cəlb edilən tibb müəssisələrinin sayı AÇIQLANDI

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Azərbaycanın 101 tibb müəssisəsi monitorinqlərə cəlb edilib”.

“Report” xəbər verir ki, bu barədə agentliyin icbari tibbi sığorta sahəsində ictimai iştirakçılığı gücləndirmək, şəffaflığı təmin etmək, qurumun fəaliyyəti barədə məlumat vermək məqsədilə jurnalistlər üçün keçirilən “Açıq qapı” günündə məlumat verilib.

Bildirilib ki, 2023-cü ildəki monitorinqlər nəticəsində yeddi tədbir, 33 alt tədbirdən ibarət olmaqla Təkliflər Planı hazırlanaraq TƏBİB-ə təqdim edilib.

Məlumata görə, monitorinqlərin əsas məqsədi əhalinin maneəsiz şəkildə tibbi sığortadan yararlanmasına, xidmət keyfiyyətinin yüksəlməsinə və nəticədə vətəndaş məmnunluğunun artmasına yönəlib.

Monitorinqlər iki istiqaməti əhatə edir. Buraya TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində icbari tibbi sığorta işinin təşkili prosesinin qiymətləndirilməsi və sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi daxildir.

Monitorinq şöbəsinin müdiri Bəyalı Məmmədov qeyd edib ki, ötən il ərzində aparılan monitorinq zamanı əsas götürülən meyarlar xidmətlər zərfindəki tibbi xidmətlərin təşkili, qəbul və qeydiyyat işinin tənzimlənməsi, kompüterlərin internetə çıxış imkanları maddi-texniki bazanın mövcudluğu və digər məsələləri əhatə edir.

B.Məmmədovun sözlərinə görə, monitorinqin nəticələri təhlil edildikdən sonra aşkarlanmış çatışmazlıqlar TƏBİB-ə təqdim edilir.

Dövlət tibb müəssisələrinin ekspertizası şöbəsinin müdiri Nicat Şirinovun sözlərinə görə isə agentliyin başlıca məqsədlərindən biri əhalinin keyfiyyətli tibbi xidmətlərə əlçatanlığını təmin etməkdir:

“Keyfiyyətli xidmət dedikdə sadəcə əsaslı təmir, müasir texnoloji avadanlıqlar, təchizat nəzərdə tutulmur. Tibbi xidmətin keyfiyyəti dedikdə pasiyentlərin tibb müəssisəsinə edilmiş ilkin müraciətindən, onun elektron qeydiyyatından başlayaraq bütün müayinə və müalicə prosedurlarını özündə birləşdirən və hər mərhələsinə nəzarət tələb edən zəncirvari mexanizm əsas götürülür”.

N.Şirinov monitorinqin meyarlarından da danışıb:

“Keyfiyyətin yoxlanılması dedikdə tibb müəssisələrinin icra etdikləri xidmətlərin lisenziyalarına uyğunluğunun, sığorta çərçivəsində xidmət göstərən həkimlərin xidmətlərinin şəhadətnaməyə uyğun fəaliyyətinin dəyərləndirilməsi, eyni sığortaolunana müxtəlif tibb müəssisələrində göstərilmiş xidmətlərin nəticələrinin üzləşdirilməsi, icra olunan tibbi xidmətlərin sayları ilə icra edən həkimlərin saylarının müqayisəsi nəzərdə tutulur. Görülən işlərin nəticəsi olaraq böyük ölçüdə xəstə axınının təmin edilməsinə nail olmuşuq”.

0.046756029129028