Qızılhacılı kəndindən olan keçmiş döyüşçü: “Azərbaycana qaytarılan kəndlərə toy-bayramla qayıdacağıq” - FOTO

“Azərbaycana qaytarılan kəndlərə toy-bayramla qayıdacağıq”.

Bunu “Report”a 32 il erməni işğalından sonra Azərbaycana qaytarılan Qızılhacılı kənd sakini Şakir Quliyev deyib.

Birinci Qarabağ müharibəsində həmin kəndlər uğrunda gedən döyüşlərdə iştirak edən qazi bildirib ki, böyük üzüntü ilə itirdikləri kəndlərin geri qaytarılması xəbərinə görə indi çox şaddır.

“32 ilidir ki, məcburi köçkün həyatı yaşayırdıq. Müharibə yolu ilə alınacağını düşündüyümüz kəndlər Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində geri qaytarılır. Bu gözəl xəbəri oğlumdan eşitdim. Hamımız sevinc içindəyik”, - keçmiş döyüşçü vurğulayıb.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

0.12296795845032