Bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş Anastasiya Bektimirova videomüraciət yayıb.
“Qafqazinfo” xəbər verir ki, A.Bektimirova keçmiş həyat yoldaşı Yalçın Bektimirovun törətdiyi əmələ görə həbs edildiyini, bir neçə gün əvvəl isə azadlığa çıxdığını bildirib. O qeyd edib ki, münaqişəli vəziyyətdə olduğu keçmiş əri azadlığa çıxandan sonra birgə yaşadıqları mənzilə qayıdıb və həmin evdə yaşayır.
O, yaranmış vəziyyətin özü və övladı üçün təhlükəli olduğunu bildirərək kömək istəyib. Hadisə günü barəsində danışan Anastasiya bildirib ki, həyat yoldaşının növbəti işgəncəsindən sonra gözündən zədə alıb və xəstəxanaya çatdırılıb:
“Məni təcili əməliyyat etdilər, beş gün orada qaldım. Bundan sonra yenidən iki dəfə əməliyyata girdim və gözüm çıxarılaraq yerinə protez taxıldı.
Fotoda: Yalçın Bektimirov
Mən əlil oldum, hazırda yenə əməliyyat olunmalıyam və buna pul lazımdır. İndiyə qədər təqsirləndirilən şəxs səhhətimlə bağlı heç bir köməklik göstərməyib. Azadlığa çıxan kimi mənim uşaqlarımla birgə yaşadığım evə köçüb. Ailəmizin maşını isə onun qardaşı Elçinə verilib”.
A.Bektimirova özünü və uşaqlarını təhlükədə hiss etdiyini, çox qorxduğunu əlavə edib.
Qadın videonun sonunda taxılmış göz protezini çıxararaq hazırki vəziyyətini nümayiş etdirib.
Qeyd edək ki, məhkəmə materiallarından həmin mənzilin Y.Bektimirova ilə A.Bektimirovanın birgə mülkiyyətində olması üzə çıxıb. İşlə bağlı apellyasiya məhkəməsi 25 apreldə keçiriləcək.
Xatırladaq ki, Yasamal Rayon Məhkəməsinin hökmü ilə Yalçın Bektimirov Cinayət Məcəlləsinin 133.2.6-cı (əzab vermə) maddəsi ilə təqsirli bilinib. Həmin vaxt ona iki il həbs cəzası təyin edilib. Anastasiya Bektimirova ərinin ona mütəmadi şiddət göstərdiyini bildirib.
Anastasiya Bektimirovanın gözünü itirməzdən əvvəlki və sonrakı fotolarını təqdim edirik: