1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyası tərəfindən işğalı günüdür. Ona görə aprel milli dövlətçiliyin faciəli tarixinin başlanğıc günü sayılırdı. Amma aprel Azərbaycan tarixində əlamətdar, xoş hadisələrlə yadda qala bilər.
Rusiya sülhməramlıların ölkəni vaxtından əvvəl tərk etməsi, Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyinin quraşdırılması aprelə tarixi baxışı, münasibəti dəyişdirir.
Ötən gün iki ölkə arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. Azərbaycan və Ermənistanın ekspert qrupları sərhədlərin müəyyənləşməsi istiqamətində işləri davam etdirir.
İlk dirəyin basdırılması tərəflər arasında sülh sazişinin imzalanmasına, normallaşmaya ümidi artırır. Bu tarixi addım tərəflərin aralarında olan mübahisəli məsələləri dinc yolla həll etməyin mümkünlüyünün göstəricisidir. Delimitasiya prosesi Azərbaycanla Ermənistan arasında yeni müharibənin, yaxud silahlı münaqişənin başlaması ehtimalını da azalda bilər.
Tərəflər arasında atılan mütərəqqi addımlar regionda pozuculuq fəaliyyəti ilə məşğul olan, yaxud cəhd göstərən qüvvələri də zərərsizləşdirər. Sərhəd dirəyini sülh və normallaşma prosesinin başlanğıcı, ilk nöqtəsi, dayaq nöqtəsi də saymaq olar.
Bu həm də tərəflərin bir-birinə etibarını artırar, etimad mühitini yaradar. Hadisə beynəlxalq ictimaiyyətin də regiona münasibətinin göstəricisi sayıla bilər. Bu onların Cənubi Qafqaza marağının artmasına müsbət təsir göstərər.
Heç şübhəsiz Azərbaycan, Türkiyə və Gürcüstanın bölgədə birgə fəaliyyəti bir çox layihələri reallaşması ilə nəticələnib. Ancaq perspektivdə əməkdaşlığa dair başqa ideyaların da həyata keçməsinə ümidi artırır.
Bu başlanğıc təhlükəsizliyin təminatı üçün impuls ola bilər. Sərhəddəki ilk dirək sülhə inamı artırır. Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda deyib:
“Biz məsələnin (sülh sazişinin imzalanmasına – red.) həllinə heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik”.
“Madrid prinsipləri” üzrə razılığa gəlinmədiyini xatırladan Prezident bildirib ki, o zaman sülh sazişinin layihəsi belə yox idi. İndi isə o, artıq mövcuddur: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var. Biz, sadəcə, təfərrüatları işləməliyik. Lakin əlbəttə, hər iki tərəfə vaxt lazımdır”.
Dövlət başçısı bununla da rəsmi Bakının sülhlə bağlı mövqeyini bir daha açıqlayıb.
Tərəflər arasında sülh prosesinin başlamasına ümidlər Ermənistanın işğal altında saxladığı Azərbaycanın dörd kəndi qaytarıldıqdan sonra yaranıb.
Dövlət başçısı həmin kəndlərlə bağlı məsələyə də münasibət bildirib: “İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq.
Eksklavlar məsələsi başqadır, çünki o, daha mürəkkəbdir. Həmin eksklavlar digər ölkənin əhatəsində olan ərazidə yerləşir. Ona görə onlar delimitasiya prosesində həll olunmalıdır”.
Dövlət başçısı bununla da daha dörd kəndin danışıqlar yolu ilə həllinin mümkünlüyünə işarə edib.
Rəsmi Bakı daim sülh tərəfdarı olub. Elə torpaqların 30 ilə yaxın işğal altında qalması səbəblərindən biri də budur. İkinci Qarabağ müharibəsindən sonra Ermənistan sürətlə silahlanma yolunu tutub. Belə bir vəziyyət Azərbaycanı təbii ki qane etmir. “Sülh istəyirsənsə müharibəyə hazırlaş” prinsipini əsas tutan rəsmi Bakı da barışın təmin olunması üçün bu sahəyə də diqqəti artırması rəsmi İrəvanın silahlanma ilə bağlı fəaliyyətindən irəli gəlir.
Prezident İlham Əliyev məsələyə belə münasibət bildirib: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik”.
Həmin ölkələrin bunu açıq şəkildə həyata keçirdiklərini vurğulayan dövlət başçısı qeyd edib: “Özü də onlar bunu açıq və nümayişkaranə şəkildə edirlər və hətta çalışırlar ki, bununla bizə nə isə sübuta yetirsinlər. Biz sadəcə oturub gözləyə bilmərik. Biz bu mövqeyi açıq şəkildə Ermənistan hökumətinə və Ermənistanın bu gün qayğısına qalmağa çalışan tərəflərə bildirmişik. Əgər özümüzə ciddi təhdid görsək, biz ciddi tədbirlər görməli olacağıq”.
Bu dövlət başçısının sülhü və normallaşma prosesinin pozmaq istəyənlərə də xəbərdarlığı sayıla bilər.
Çünki rəsmi İrəvan heç də həmişə üzərinə götürdüyü öhdəliklərə vaxtında əməl etmir. Bu baxımdan Prezident İlham Əliyev bəhs etdiyimiz beynəlxalq forumda Ermənistanın 2020-ci il noyabrın 10-da imzalanmış atəşkəsə dair üçtərəfli bəyanatın müddəasını yerinə yetirmədiyi ilə bağlı açıqlaması diqqətçəkicidir: “Bəli, “Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb. Lakin yazılıb ki, Azərbaycanın Şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında yol əlaqəsi olmalıdır və Rusiyanın sərhəd qüvvələri nəzarəti təmin etməlidir İndi isə üç ildən çoxdur ki, Ermənistan bu müddəanı əslində, pozur”.
Dövlət başçısı rəsmi İrəvanın öhdəliyini yerinə yetirməməsinin məyusedici olduğunu vurğulayıb: “İndi isə onlar, belə demək olarsa, həmin müddəanı aradan çıxarmaq istəyirlər. Lakin bu, mümkün deyil. Onlar Naxçıvan Muxtar Respublikası ilə yol əlaqəsini qurmaq imkanını bloklayır. Bu cür münasibət, təbii ki, çox məyus edir”.
Qeyd edək ki, məlum bəyanatın 9-cu maddəsində bildirilib: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir”.
Sərhədlərin delimitasiyası prosesi bu müddəanın da reallaşmasına təkan verəcəyinə ümid etmək olar. Hələlik isə Azərbaycanda və Ermənistanda diqqət yenə də sərhəddir. Ancaq bu dəfə silah səsləri eşidilmir, insan itkisi də olmayacaq. İndi danışıq və dirəklərin basdırılması səsləri eşidiləcək.
Yeri gəlmişkən, ilk dirək saxta “soyqırımı” hadisəsinin qeyd edildiyi ərəfədə baş verir. Bu da regionda yeni hadisələr, sülh, əməkdaşlıq, təhlükəsizliyin təmin olunması üçün ismarış sayıla bilər.
“Report” İnformasiya Agentliyi