Xarici şirkətin qaydası üstündür, yoxsa Nazirlər Kabinetinin? - Taksi sürücüləri "odla oynayırlar"?

Taksilərlə bağlı yeni tələblər müəyyənləşsə də, qaydalara nəzarət güclənsə də, bəzi sürücülər özləri üçün başqa "həqiqət"lər yaradıblar. Onlar sərnişinlərə etiraz edirlər ki, müqavilə bağladıqları şirkətin qaydaları Nazirlər Kabinetindən qərarlarından da, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) tövsiyələrindən də üstündür. Sürücülər iddia edirlər ki, çalışdıqları şirkətlər onlardan ekonom sifarişlərdə kondisioner istifadəsini, yaxud digər qaydalara əməl olunmasını və s. tələb etmirlər.

Taksi xidməti ilə bağlı tələblər iyulun 1-dən qüvvəyə minsə də, çox az adam onların tətbiqinin şahididir. Sürücülərin ünvanlara fərqli avtomobillə gəlməsi, çatdırılma xidməti adı altında sərnişindaşıma həyata keçirilməsi, icazəsi olmayan nəqliyyat vasitələrinə sifariş ötürülməsi kimi hallar hətta iyulun sonuncu günü Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərinin nümayəndələri ilə . Görüşün sonunda taksi şirkətlərinə qısa müddət ərzində sözügedən çatışmazlıqları aradan qaldırmaq və fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkil etmək tövsiyə olunub.

Bəs məsələ necə həll olunmalıdır? Sürücülər problem yaşamamaq və yaşatmamaq üçün hansı tərəfin qaydalarını üstün tutmalıdırlar?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Mətbuat Xidmətindən hakimiyyet.az-ın sorğusuna cavab olaraq bildirilib ki, taksilərin fəaliyyəti, iş prinsipi, qaydalar və s. ilə bağlı AYNA tərəfindən qoyulan tələb yoxdur:

"Nazirlər Kabinetinin təsdiqlədiyi qərar var. Bu qərara hüquqi fiziki şəxslər, yəni taksi sifarişi operatorları və fərdi sahibkarlar mütləq qaydada riayət etməlidirlər.

NK-nın tələbləri, təbii ki, taksi şirkətlərinin qaydalarından üstündür. AYNA, sadəcə, bu qərarın icrasına nəzarəti həyata keçirir.

Sərnişinlərdən taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı həm taksi sifarişi operatoruna, həm də AYNA-nın sosial şəbəkə hesabları üzərindən, eləcə də "141" Çağrı Mərkəzinə müraciət etmələri və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumatları çatdırmaları xahiş olunur.

Sifariş edilən və ünvana gələn taksilərin fərqli olması ilə qarşılaşan vətəndaşlardan sifarişdən imtina etmək, eyni zamanda, həm bu halda, həm də taksi sürücülərinin davranışı, kondisionerdən istifadə olunmaması və s. kimi hadisələr haqqında AYNA-ya məlumat vermələri rica edilir".

AYNA-dan qaydalara əməl etməyənlərin daşımalardan kənarlaşdırıldıqları da vurğulanıb:

"Taksi sifarişi operatorlarına bu kimi halların qarşısını almaq üçün proqram təminatının verdiyi üstünlüklərdən istifadə edərək preventiv tədbirlərin görülməsi tapşırılıb. Məsələ tərəfimizdən nəzarətdə saxlanılır.

Vətəndaşlardan daxil olan müraciətlər əsasında ümumilikdə 62 nəqliyyat vasitəsi daşımalardan kənarlaşdırılıb".

Aqil Vəlili

4.1768548488617