Bakının 10 aydır başçısız qalan rayonu - Müəmma davam edir...

Bakının 10 aydır başçısız qalan rayonu 
Bakının Xətai rayonu 10 aydır başçısız qalıb. 2018-ci il dekabrın 13-də Razim Məmmədov vəzifəsindən azad edildikdən sonra Xətai rayon İcra Hakimiyyətinin başçısı postuna hələ də təyinat gerçəkləşməyib.

Dia.az xəbər verir ki, qaynarinfo-nun məlumatına görə, hazırda icra başçısının səlahiyyətlərini Rafiq Quluyev yerinə yetirir. O, 1997-ci ildən sözügedən İcra Hakimiyyətinin ümumi şöbəsində müfəttiş, 2003-cü ildən müfəttiş-inspektor, 2006-cı ildən 2012-ci ilədək isə həmin şöbənin müdiri vəzifəsində çalışıb.

21 may 2012-ci ildə icra başçısının müavini təyin edilən Quluyev iki il sonra 1-ci müavin postuna gətirilib.

2006-cı ildən hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan 45 yaşlı Quluyevin Razim Məmmədovun xələfi olması gözlənilir. Lakin Bakının ən iri rayonlarından sayılan (ərazisi 31,6 кvadrat kilometrə çatır, əhalisi isə 290 min nəfərdən çoxdur) Xətai rayonuna rəhbərlik etmək arzusuna düşən digər şəxslər də var. Elə bu səbəbdən də icra başçısı təyinatının yubandığı bildirilir.

Kulislərdə namizədlərdən biri kimi Xətai rayonundan deputat, eyni zamanda YAP Xətai rayon təşkilatının sədri Hüseynabal Mirələmovun adı hallandırılsa da, bu, inandırıcı görünmür. Səbəb onun yaşıdır. Belə ki, Mirələmovun hazırda 74 yaşı var.

Hələ bir neçə ay əvvəl mövzu ilə bəhs edərkən bildirmişdik ki, paytaxt meri Eldar Əzizov Xətai rayonununa icra başçısı təyin ediləcək şəxsin özünə yaxın kadr olmasına çalışır. Əzizovla bərabər, başqa bir neçə iri məmurun da həmin posta öz namizədinin olduğu deyilir.

Sonda hansı namizədin üzünün güləcəyini demək çətin olsa da, fakt bundan ibarətdir ki, Bakının aparıcı rayonlarından biri 10 aydan çoxdur başçısızdır.

 

0.084912061691284