Çempionlar Liqası: İki komanda maksimum nəticə ilə irəliləyir - YENİLƏNİB + VİDEO

Çempionlar Liqasında qrup mərhələsinin II turunda daha altı matç keçirilib.

hakimiyyet.az xəbər verir ki, İspaniya “Real Madrid”i Portuqaliyada “Braqa”dan üstün olub - 1:2.

Rodriqo və Cud Bellinqemin qollarına meydan sahiblərindən yalnız Alvaro Calo cavab verə bilib.

C qrupunun digər oyununda “Napoli” səfərdə “Union”dan (Almaniya) güclü olub - 0:1.  Yeganə qolu Cakomo Raspadori vurub.

Bu nəticələrdən sonra “Real Madrid” doqquz xalla liderdir. “Napoli” altı xalla ikinci, “Braqa” üç xalla üçüncüdür. “Union” xal qazana bilməyib.

A qrupunda “Mançester Yunayted” ilk qələbəsini qazanıb. “Qırmızı şeytanlar” doğma meydanda Danimarka “Kopenhagen”ini Harri Maquayrın yeganə qolu ilə yeniblər - 1:0.

Qrupda “Bavariya” (Almaniya) doqquz xalla liderdir. Türkiyə təmsilçisi “Qalatasaray” dörd xalla ikinci pillədədir. “Mançester Yunayted” üç xalla üçüncüdürsə, “Kopenhagen” bir xalla sonuncudur.

İngiltərənin digər təmsilçisi “Arsenal” İspaniyada “Sevilya”dan güclü olub - 1:2.

Komanda xallarını altıya çatdırıb və B qrupunda liderdir. “Sevilya” iki xalla üçüncü pillədədir.

Qrupun digər oyununda Fransa “Lans”ı və Niderland PSV-si heç-heçəyə razılaşıblar - 1:1.

“Lans” beş xalla ikinci, PSV iki xalla sonuncudur.

D qrupunda isə Portuqaliya “Benfika”sı yenə məğlub olub. Komanda bu dəfə evdə İspaniya “Real Sosyedad”ına uduzub - 0:1.

San-Sebastian təmsilçisi yeddi xalla liderdir. Eyni xala malik İtaliya “İnter”i ikinci yerdə qərarlaşıb.

“Zaltsburq” (Avstriya) üç xalla üçüncüdürsə, xal qazana bilməyən “Benfika” sonuncu sırada qərarlaşıb.

24.10.2023, 22:50

UEFA Çempionlar Liqasında qrup mərhələsinin III turuna start verilib.

hakimiyyet.az xəbər verir ki, A qrupunda yer alan Türkiyənin “Qalatasaray” klubu Almaniya nəhəngi “Bavariya”nı qəbul edib. Görüş qonaqların qələbəsi ilə başa çatıb - 1:3.

Hesabı erkən qolla almanlar açıblar. Kinqsli Koman 8-ci dəqiqədə adını tabloya yazdırıb. Yarım saatın tamamında Mauro İkardi penaltini dəqiq yerinə yetirərək, hesabda tarazlıq yaradıb. Buna baxmayaraq, “cim-bom” güclü rəqibindən xal almağı bacarmayıb. Əvvəlcə 73-cü dəqiqədə Harri Keyn yaxın məsafədən toru silkələməkdə çətinlik çəkməyib. Altı dəqiqə sonra isə Camal Musiala qarşılaşmada son nöqtəni qoyub.

Qələbə sayəsində xallarının sayını 9-a yüksəldən “Bavariya” liderliyini möhkəmlədib. “Qalatasaray” isə dörd xalla ikinci pillədə qalıb.

Digər görüşdə İtaliya “İnter”i evdə Avstriya təmsilçisi “Zaltsburq”u sınağa çəkib. Əvvəlcə 19-cu dəqiqədə ev sahiblərindən Aleksis Sançes komandasını önə keçirib. 57-ci dəqiqədə avstriyalıların heyətində Oskar Qlux fərqlənsə də, bu, komandanın səfərdə xal qazanması üçün kifayət etməyib. 64-cü dəqiqədə türkiyəli yarımmüdafiəçi Hakan Çalhanoğlu qarşısıalınmaz zərbə ilə “Zaltsburq”un ümidinin üstündən xətt çəkib. Yekunda “İnter” 2:1 hesablı qələbə qazanıb.

Hazırda “nerazzuri” yeddi xalla turnir cədvəlinə başçılıq edir. Hesabında üç xal olan “Zaltsburq” isə üçüncü sıradadır.

Faiq Tahirov

0.085202932357788