Manatın məzənnəsi 2029-cu ilədək sabit qalacaq?

Pərviz Heydərov yazır...

Maliyyə Nazirliyinin internet saytında dərc olunan "2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama"da İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunan makroiqtisadi proqnozlara əsasən 2025-2028-ci illər ərzində manatın ABŞ dollarına nəzərən məzənnəsi sabit, yəni cari il səviyyəsində saxlanılıb. Yəni, proqnoz edilib ki, qarşıdakı 4 il ərzində də manat ABŞ dollarına nəzərən 1.70 AZN həddində qalacaq.

Bu, nə dərəcədə inandırıcıdır?

10 il olacaq ki, manatın məzənnəsi dəyişmir. Bu, 2029-cu ilədək davam edə bilərmi?

Ötən yazımda xatırlatmışdım ki, Azərbaycanda devalvasiya sonuncu dəfə ildə iki dəfə olmaqla birincisi 21 fevral 2015-ci ildə, ikincisi isə 21 dekabr 2015-ci ildə baş verib. Hansı ki, həmin ildə Milli Bank (Mərkəzi Bank (AMB)) manatın 1 dollara görə dəyərini əvvəl 1.05, sonra isə 1.55 manat səviyyəsində müəyyən etmişdi.

2016-cı ilin əvvəlindəsə adıçəkilən qurum tərəfindən ölkədə yumşaq üzən məzənnə rejiminə keçildiyi bəyan edilsə də, tarazlığı qoruyub saxlamaq üçün ABŞ dolları ilə intervensiyaya ehtiyac qalırdı. Odur ki, manatın taleyi tam olaraq hərracların ümidinə buraxılmadı və qeyd olunan ilin ikinci yarısından neftin dünya bazar qiymətlərinin sabitləşməsi ilə əlaqədar AMB-nin qərarı ilə manatın dollara nəzərən dəyəri 1.70 AZN səviyyəsində qərarlaşdı.

Sözügedən yazımda onu da qeyd etmişdim ki, manatın yeni devalvasiyası gözləntisinə gəldikdə, nə qədər ki, ölkənin tədiyyə balansı göstəricisi müsbət saldoda qalır, xarici ticarət dövriyyəmizdə ixrac idxaldan üstün sayılır, ümumiyyətlə xam neftin dünya bazar qiymətləri dövlət büdcəmizdə fiksə olunan qiymətdən yuxarı təşkil edir, bu, baş verə bilməz.

Bəs bu şərtlər 2029-cu ilədək davam gətirəcəkmi? Buna əmin olmaq nə dərəcədə mümkündür?

Gələn ilin dövlət büdcəsində, ümumiyyətlə qarşıdakı bir neçə ildə manatın məzənnəsinin ABŞ dollarına nəzərən 1.70 AZN səviyyəsində qalacağının proqnozlaşdırılması hər şeydən öncə ölkədə valyuta bazarının tənzimlənməsində sərbəst üzən məzənnə rejiminə keçilməyəcəyinə işarədir.

Bu isə ondan xəbər verir ki, demək, ölkəmizin iqtisadiyyatının birtərəfli inkişafının dominant rolu hələ bundan sonra da qalmaqda davam edəcək və gəlirlərimiz, tədiyyə balansı məhz neft-qaz sektorundan daxil olan Amerika valyutasından asılı olacaq.

Odur ki, manatın məzənnəsinin ABŞ dollarına nəzərən 1.70 AZN səviyyəsindən aşağı və yuxarı dəyişmək sərf etmədiyindən, məzənnə bundan sonra da hələ bir neçə il sabit saxlanılacaq.

Çünki məzənnə dəyişikliyi idarəetmədə, sosial aspektdə və digər istiqamətlərdə əlavə problemlər ortaya çıxaracaq, bir sıra çətinliklər yaradacaq. Belə ki, istehlak qiymətləri yüksələcək, maaşları və sosial ödənişləri artırmaq lazım gələcək, investisiya xərclərinə yenidən baxmaq zərurəti yaranacaq və sair...

Ancaq iş bundadır ki, qlobal bazarlarda qiymət konyunkturası sözügedən bu istəyi gerçəkləşdirə də bilər, gerçəkləşdirməyə də. Ona görə də manatın qarşıdakı illər ərzində məzənnəsinə dair yanaşma sadəcə olaraq, bir "arzu və yaxud istək" kimi qəbul edilməli və qiymətləndirilməlidir. Həqiqətdə isə, heç növbəti il üçün də bu barədə dəqiq proqnoz vermək mümkün deyil və düzgün sayılmır.

Yeri gəlmişkən, xeyli müddətdir, enerji vasitələri üzrə qlobal bazarlardakı vəziyyət ölkəmizin tədiyyə balansı və onun tərkib hissəsi olan xarici ticarət üçün maraqlarımıza cavab verir. Və elə bunun nəticəsidir ki, valyuta bazarımızda sabitlik hökm sürür və manat ABŞ dollarına nəzərən 1.70 AZN nöqtəsində qalıb. Ancaq, buna daimi olaraq güvənmək olarmı?

Məsələ bundadır ki, ötən ildən etibarən ölkəmizin xarici ticarət dövriyyəsi azalır, idxal-ixrac əməliyyatlarının həcmi dəyişir - müsbət saldo enir. Bu niyə baş verir sualına cavabda yazmışdım ki, səbəb təkcə, neft-qaz sektoruna deyil, qeyri neft-qaz məhsullarına aid məhsulların ixracının və dəyərinin də azalmasındadır. Belə ki, iqtisadiyyatımızda birtərəfli inkişafa son qoymaq üçün prioritet seçdiyimiz hətta qeyri-neft-qaz sektoru üzrə də ixracımız cari il ərzində azalma nümayiş etdirib və etdirir. Bu isə yaxşı tendensiya deyil.

Üstəgəl, neft hasilatımız da azalır və qaz üzrə isə gəlirlilik neftdə olduğu kimi hesab edilmir. Və nəhayət, dünya bazarlarında neftin qiymətinə dair proqnozlar da yaxşı deyil. Düzdür, qiymət səviyyəsi 50 ABŞ dolları həndəvərində olarsa da belə bu, bizim üçün təhlükəli sayılmır. Ancaq hər halda, neftin 60 ABŞ dollarından aşağı olması bizim üçün sərfəli deyil və bunun özü də uzun müddət davam etməməlidir.

Yəni, nə qədər ki, qeyri neft-qaz ixracından əldə etdiyimiz dollarlar bizi qane etməyəcək, manatın məzənnəsini neftin qiyməti uzun müddət lap 50 dollar olsa da belə sabit saxlamaq mümkün olmayacaq. Odur ki, manatın məzənnəsi, ümumiyyətlə valyuta bazarımız barədə açıqlanan və irəli sürülən proqnozlar nisbi xarakter daşıyır və hər şey ölkəyə daxil olan və ölkədən çıxan dollarlardan asılıdır.

0.20904994010925