DİN: “Gəncədə məktəbliyə qadının narkotik maddə vurması ilə bağlı iddialar əsassızdır”

“Bəzi sosial şəbəkə səhifələrində Gəncə şəhərində bir məktəbliyə naməlum qadın tərəfindən narkotik maddə vurulması ilə bağlı yayılan iddialarla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar aparılıb”.

Bunu hakimiyyet.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, həmin məktəbli və valideyni müəyyən olunub:

“Araşdırmalarla müəyyən edilib ki, həmin səs yazısındakı iddialar tam əsassızdır. Məktəbli valideyn nəzarətində sorğulara cavabında bildirib ki, o, məktəbdən geri qayıdarkən bir nəfər yaşlı qadının ona yaxınlaşdığını görüb qorxub.

Bununla yanaşı, müvafiq ekspertiza təyin olunub və ekspertiza rəyinə əsasən də onda hər hansı narkotik vasitə qalıqları aşkarlanmayıb. Qeyd olunanları nəzərə alaraq iddiaları təkzib edirik”.

Xatırladaq ki, sosial şəbəkələrdə Gəncə şəhərində bir məktəbliyə naməlum qadın tərəfindən narkotik maddə vurulması ilə bağlı məlumatlar yayılıb.

İlhamə Əbülfət

0.078397989273071