Zəlzələdən sonra böhran: Ürək xəstəliklərilə bağlı müraciət edənlər artıb, aralarında tələbələr də var - FOTO

“Dekabrın 7-də baş verən zəlzələdən sonra Elmi-Tədqiqat Kardiologiya İnstitutuna müraciətlərin sayında artım qeydə alınıb. Belə hadisələr zamanı qəfil miokard infarktına, ürək damarlarında koronar spazmaya gətirib çıxaran stres hallarının, hipertonik krizlərin, fobiyaların kəskin artması müşahidə olunur”.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında institutun direktoru, professor Gülnaz Dadaşova deyib.

Müraciət edənlərin yaş qrupları barəsində məlumat verən G.Dadaşova onların arasında tələbələrin də olduğunu deyib.

“İnstitut 18 yaşdan yuxarı vətəndaşlara tibbi xidmət göstərir. Zəlzələdən sonra müxtəlif yaş qruplarından çoxsaylı müraciətlər qeydə alındı. Onlar arasında tələbələr, yaşlı insanlar, ürək, beyin patologiyalarından, şəkərli diabetdən əziyyət çəkənlər var idi. İndiyə qədər təzyiqdən şikayət etməyənlərdə təzyiqin artması müşahidə olunmuşdu. Hətta şəkərli diabeti olmayanlarda həmin xəstəliyin yaranması qeydə alınıb”, - deyib.

G.Dadaşova bildirib ki, səhiyyənin bu qədər innovativ yenilikləri olmasına baxmayaraq, bütün dünyada ürək-damar xəstəlikləri həm ölüm, həm də əlilliyə gətirib çıxaran bir nömrəli qlobal patologiyadır. Hətta COVID-19-un tüğyan elədiyi dövrlərdə də göstəricilər dəyişmədi. Bu da ürək-damar sistemi xəstəliklərinin nə qədər ciddi problem olduğunu göstərir.

“Patologiyaların sayının artmasında bizdən asılı olmayan səbəblər də var. Ətraf mühit hadisələri, ekoloji amillər, stres faktorları, fors-major hallar, düzgün qidalanmamaq, zərərli vərdişlər, energetik içkilər burada rol oynayır. Bizdən asılı olan səbəbləri aradan qaldırmaq üçün maarifləndirici tədbirlər keçirir, əhalini, xüsusilə də gəncləri zərərli vərdişlərdən, energetik içki qəbulundan çəkindirməyə çalışırıq”, - deyə institut direktoru bildirib.

0.13474583625793