Xalq artisti efirə çıxaraq geyimlərinin qiymətindən, markasından danışanları sərt tənqid etdi

“Xalqın musiqi zövqünü formalaşdıran televiziyadır. Bəzən müğənnilərdən kimsə deyir ki, filan mahnı oxunmasa, dəvət etmirlər, çörək pulu qazanmaq olmur. Amma biz böyüklərimizdən nələr eşidirdik? Deyirdilər ki, mənim toyumda Əlibaba Məmmədov, Tələt Qasımov, Hacıbaba Hüseynov oxuyub. İnsanlar öz ev şənliklərinə onları necə dəvət edirdilər? Çünki bu zövqü televiziya formalaşdırırdı. Toyda, şənliklərdə elə insanlar ifa edirdi ki, orada əsl sənət nümayiş olunurdu. Çox az məclis olardı ki, kimsə kənardan gəlsin. O musiqilərlə zövqümüz formalaşdı. Bizim müğənniləri qoyaq qırağa, Cenifer Lopez belə gəlib toylarımızda ifa edib. Ajda Pekkan, Tarkan, Sibel Can və digərləri. Müğənninin yeri səhnədir, toydur. Fərq etməz, səhnədə də, toyda da, konsertdə də tamaşaçılar baxırlar”.

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova “Danışır musiqi” proqramında qonaq olarkən deyib. Sənətçi televiziyaları tənqid edib:

“Səhnədə qurbanları tək mən verməmişəm. 35 ildir həyat yoldaşımla səhnə həyatım üçün qurbanlar veririk. Elə də davam edir. Əfsuslar olsun ki, bu gün həyasızlıq səmimiyyət kimi qələmə verilir. Azad ölkənin azad insanlarıyıq, demokratik ölkədə yaşamağı öyrənməliyik. Demokratiya hərc-mərclik, özbaşınalıq, istədiyini danışmaq deyil. Gənclər böyüyürlər. Onlar ailəsindən tərbiyə görürlər. Televiziya xalqın güzgüsüdür.

Müxtəlif ölkələrdə olmuşam və birinci gedən kimi ilk işim televiziyanı açmaq olur ki, görüm kim kimdir. Bizim televiziyaları açan turist oradan qışqırıq səsləri, bir-birinə təhqir eşidib-görəcək. Qadınlar, kişilər yığışır oraya. Turistlər dilimizi anlamasalar da, onların bir-birilərinə qışqırdıqlarını görürlər. Bunları televiziyada yox, sosial şəbəkədə görmüşəm”. 

B.Dadaşova efirə çıxaraq geyimlərinin qiymətindən, markasından danışanları qınayaraq bu sənətə gəlmək istəyən müğənnilərə təhsil almağı məsləhət görüb:

“Müğənnilər var, do majoru göstər desən, bilmirlər. “La”, “fa” haradadır, xəbərsizdir. Muğamın ladları, şöbələri var, seygah, mahur hansıdır bilmirlər. Maşallah, yaxşı qabağa gedirlər. Bir proqramda qonaq olanda mənə dedilər ki, siz dərs deyin. Söylədim ki, Mədəniyyət və İncəsənət Universitetində dərs deyirəm. Sən demə bunları demək lazım imiş. Mən bunu deməyi bacarmıram. Mənimki oxumaqdır. Hər şeyi necə şişirtmək lazımdır bacarmıram. Səhnəyə çıxmaq istəyən gənclər gəlib təhsil alsınlar. Bir insanın təhsili varsa, o, çıxıb efirdə paltardan, geyimdən, onun qiymətindən, markasından heç vaxt danışmaz. Musiqidən danışın”.

0.10976219177246