Bakının mərkəzində yerləşən restorandan gələn tüstü və qoxu ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO

Bakının Nizami küçəsi 66, ünvanında yerləşən restorandan gələn tüstü və qoxu ilə bağlı rəsmi açıqlama verilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşı Dünya Həsilova hakimiyyet.az-a açıqlamasında bildirib ki, “The Garden” restoranından restoranından gələn tüstü və qoxu ilə bağlı nazirliyə daxil olan məlumatla əlaqədar Xidmətin əməkdaşları tərəfindən araşdırma aparılıb:

“Araşdırma zamanı atmosfer havasına atılan tullantıların miqdarının normadan artıq olduğu məlum olub. Bununla bağlı restoran sahibi Rəşad Aydın oğlu Sultanov barəsində inzibati xəta protokolu tərtib olunub. Nöqsanların qısa müddətdə aradan qaldırılması ilə bağlı ciddi xəbərdarlıq olunub. Aşkar olunan nöqsanlar aradan qaldırılmadığı halda restoranın fəaliyyətinin dayandırılması istiqamətində addımların atılacağı restoran rəhbərliyinə bildirilib”.

19:45

Bakının Səbail rayonu Nizami küçəsi, 66 ünvanında yaşayan sakinlər binadakı qeyri-yaşayış obyektindən gileylənirlər.

Sakin Mahirə Aşumova şikayətlərini hakimiyyet.az-ın redaksiyasına ünvanlayıb.

O, binanın birinci mərtəbəsində fəaliyyət göstərən “The Garden” restoranından narazı olduğunu dilə gətirib:

“Binada 86 mənzil var. Hər birinin sakinləri şikayətçidirlər. 23 sentyabr 2023-cü ildə binamızın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsini bir sahibkar digərinə kirayə verdi. Restoran dörd aydır ki, fəaliyyət göstərir. Bizim bina 1952-ci ildə tikiləndə birinci mərtəbədəki qeyri-yaşayış hissə moda evi üçün nəzərdə tutulmuşdu. Restoran üçün yox”.

Şikayətçi restorandan çıxan tüstü və qoxuların narahatlıq yaratdığını qeyd edib:

“Restoranda təqdim olunan qəlyan, samovar çayı və kababın tüstündən dayana bilmirik. Evdə onkoloji xəstəm var. Qəlyanı onkoloji xəstəmin otağının altında hazırlayırlar. Qoxudan nəfəs ala bilmir. Səhərə qədər yatmıram. Pəncərələri açıram ki, nəfəs ala bilsin. Blokda, məhəllədə qoxudan dayanmaq olmur.

İki dəfə restorana akt tərtib olunub, protokol yazıblar. Dörd dəfə atmosferin çirklənməsi halı qeydə alınıb. Lakin faydası yoxdur. Yenə də fəaliyyət göstərir”.

Nəzrin Vahid

0.10164713859558