Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu il “Rubej 2024” adlı birgə təlim də daxil olmaqla yeddi təlim keçirəcək.
Bu barədə təşkilatın baş katibi İmanqali Tasmaqambetov “Milli Müdafiə” jurnalına müsahibəsində deyib.
“KTMT-yə üzv dövlətlərin birgə qərargahlarının, katibliyinin və maraqlı qurumlarının strateji komanda-qərargah hazırlığı, “Sarsılmaz qardaşlıq-2024”, “Qarşılıqlı fəaliyyət-2024” komanda-qərargah təlimləri, “Axtarış-2024”, “Qaya-2024”, “Eşelon-2024”, “Kobalt-2024” xüsusi təlimləri, Tacikistan, Qazaxıstan, Qırğızıstan və Rusiya ərazisində “Rubej-2024” birgə təlimlərinin keçirilməsi planlaşdırılıb”, - deyə Tasmaqambetov bildirib.
O qeyd edib ki, bunlar KTMT-nin əsas iş istiqamətlərinin reallaşdırılması çərçivəsində artıq sınaqdan keçirilmiş təlim formatlarıdır və kollektiv təhlükəsizlik sisteminin qüvvə və vasitələrinin, idarəetmə orqanlarının və birləşmələrinin cari il üzrə hazırlanması planına uyğun olaraq keçiriləcək.
Hazırda KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan daxildir. Lakin Ermənistanın baş naziri Nikol Paşinyan bu ay bəyan edib ki, ölkə təşkilatda iştirakını de-fakto dondurub. İmanqali Tasmaqambetov vurğulayıb ki, Ermənistan qurumu tərk edə bilər.
Mənbə: AİF.ru