Martın 22-də baş vermiş terror aktı nəticəsində həlak olanların xatirəsinə “Crocus City Hall”dakı memorial önünə gül dəstələri qoyulması mərasimində 130-dan çox diplomatik nümayəndəliyin əməkdaşları iştirak ediblər.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Dövlət Protokolu Departamentinin məlumatında bildirilib.
“Biz diplomatik korpusların nümayəndələrinə belə çətin bir zamanda rus xalqı ilə həmrəy olduqlarına görə dərin minnətdarlığımızı bildiririk”, - deyə nazirlik əlavə edib.
Məlumata görə, bir dəqiqəlik sükutla başlayan mərasimində Asiya, Afrika, MDB, Yaxın Şərq, Latın Amerikası və Avropa ölkələrinin nümayəndələri iştirak ediblər. İştirakçılar arasında Belarus, Vatikan, Misir, Aİ, Mərakeş, Livan, Nikaraqua, Fələstin, Serbiya, Suriya, ABŞ, Sierra Leone və Türkiyənin səfirləri də olublar.
Mənbə: TASS