Azərbaycanlı FIFA referisi: "Peşəkar səviyyədə olmasa da, bir neçə il futbol oynamışam"

"Peşəkar səviyyədə olmasa da, bir neçə il futbol oynamışam".

Bu sözləri "Report"a müsahibəsində 37 yaşını bu gün qeyd edən FIFA referisi Əliyar Ağayev deyib.

O, geniş müsahibəsində hakimliyə başladığı illərdən, həmçinin karyerasında baş verən önəmli məqamlardan danışıb. Azərbaycanın ən güclü referisi müxtəlif maraqlı sualları da cavablandırıb.

- 37 yaşınız tamam olur. Bu yaşda özünüzü necə hiss edirsiniz?

- Fiziki hazırlığım yaxşı keçir, şükür Allaha ki, yaş hələ öz sözünü demir. Fiziki durumum yaşıl meydanlarda işimi davam etdirməyə imkan verir.

Azərbaycanlı FIFA referisi: "Peşəkar səviyyədə olmasa da, bir neçə il futbol oynamışam"

Azərbaycanlı FIFA referisi: "Peşəkar səviyyədə olmasa da, bir neçə il futbol oynamışam"

- Hakimliyə başlamağınıza nə səbəb oldu və bundan əvvəl hansı işlə məşğul idiniz?

- Futbolu uşaqlıqdan sevmişəm. Müəyyən yaşa qədər futbolla məşğul olmuşam. Peşəkar səviyyədə olmasa da, bir neçə il futbol oynamışam. Ancaq bir vaxt zədə səbəbindən futbolu müvəqqəti dayandırmaq məcburiyyətində qaldım. Hardasa 16-17 yaşlarındaydım. Futbola davam etmək istəyirdim, amma zədəni sağaltmaq və bərpa prosesi çox uzun çəkirdi. Ona görə də yaşıl meydanlara qayıtmaq üçün hakimliyi seçdim.

- Bu qərarda kiminsə təsiri olub?

- Xeyr, çox adam belə düşünür. Atam beynəlxalq dərəcəli köməkçi hakim idi, amma bir dəfə də olsun, bu sahəyə yönəlməyim üçün təkid etməyib. Bəlkə mən də heç vaxt oğluma hakim olmağı məsləhət görmərəm, çünki bu işin çətinliyini bilirəm. Atam mənə seçim azadlığı verib, amma hakimliyə başladıqdan sonra hər zaman dəstəyini göstərib.

- Oğlunuzun bu sahəyə marağı varmı?

- Bəli, həm də çox böyük maraq göstərir. Marağı birdən-birə yarandı. Tezliklə 9 yaşı olacaq. 7 yaşına qədər futbolla heç maraqlanmırdı. Son bir ildə isə futbol oyunlarını diqqətlə izləyir. Televiziyada göstərilən demək olar ki, heç bir oyunu buraxmır.

- Sizin idarə etdiyiniz oyunları da izləyir? Bu oyunlarla bağlı irad və ya təklif bildirirmi?

- Ola bilsin ki, oyuna hələ hakim gözü ilə baxmadığı üçün bizim buraxdığımız səhvləri nəzərdən qaçırır.

- Gərgin oyun anlarında necə fokuslanırsınız və qərar verirsiniz?

- Bu səbəbdən bizim işimiz göründüyündən daha çətindir. Fiziki hazırlıqla məşğul oluruq və eyni zamanda bu gərginliyin təsiri altında qərar verməliyik. Bu, həqiqətən də çətin peşədir. Ancaq həftələrlə, aylarla hazırlaşırıq ki, oyunda özümüzü rahat hiss edək.

- Bəs emosional təzyiqlərin öhdəsindən necə gəlirsiniz?

- Əsasən azarkeşlər və bəzən baş məşqçilər tərəfindən təzyiq olur. Bu sahəyə girəndə belə çətinliklərlə üzləşəcəyimizi bilirik. Çətin də olsa, bu təzyiqlərin öhdəsindən gəlməyə çalışırıq. Psixoloji hazırlığımızı da daim yüksək səviyyədə saxlamağa çalışırıq.

- Oyunçularla necə əlaqə qurursunuz?

- Meydanda təbii ki, aramızda əlaqə olur. Amma meydandan kənarda futbolçularla minimum dostluq etməyə çalışırıq, çünki bəzən bu, düzgün qarşılanmaya bilər. Oyun ərzində bir-birimizi yaxşı başa düşürük, narazılıqlar da olur. Bu, futbolun bir hissəsidir.

- Ən gərgin anlarda emosiyalarınıza necə nəzarət edirsiniz?

- Haqlı və ya haqsız olmasından asılı olmayaraq, futbolçular hər zaman narazılıqlarını ifadə edə bilərlər. Əgər futbolçu əsəblərini cilovlamırsa və biz də eyni cavabı versək, vəziyyət daha da qarışar. Buna görə səbirli və təmkinli olmağa çalışırıq. Nadir hallarda futbolçuya sərt cavab veririk. Amma sonradan təhlil edəndə görürük ki, belə hallar daha böyük fəsadlar yarada bilər.

- Qırmızı vərəqə futbolçular üçün ən çətin anlardan biridir. Belə hallarda mübahisə yaşayırsınız?

- Əgər ikinci sarı vərəqədən sonra qırmızı vərəqə verilir və bu, açıq-aşkar qayda pozuntusu olarsa, futbolçu qərarı qəbul edir və meydanı tərk edir. Lakin qırmızı vərəqə mübahisəli görünürsə, futbolçu meydanda qalmaq və hakimin fikrini dəyişdirmək üçün əlindən gələni edir. Ancaq qayda pozuntusu açıq-aşkardırsa, qərar dəyişməz qalır. Oyunçular müəyyən narazılıq göstərsələr də, sonda meydanı tərk etməli olduqlarını anlayırlar.

- Son vaxtlar hansı futbolçu ilə belə bir vəziyyət yaşamısınız?

- "Səbail" - "Şamaxı" matçında Konate ikinci sarı vərəqədən sonra meydanı tərk etdi. Cüzi narazılıq göstərsə də, tezliklə başa düşdü ki, meydanı tərk etməlidir.

- VAR sisteminin futbola təsiri haqqında nə düşünürsünüz?

- Bir çox futbol funksionerləri və azarkeşlər düşünür ki, VAR sistemi hakimlər üçün yaradılıb. Amma əslində VAR, futbolun gözəlliyini qorumaq və daha ədalətli qərarlar vermək məqsədilə tətbiq olunub. Hazırda bu sistemin çox effektli olduğunu düşünürəm. İlk dəfə 2018-ci il dünya çempionatında istifadə olunmağa başlandı. Əgər o zaman VAR sistemi olmasaydı, Fransa komandası 1/8 finalda mübarizəni dayandıra bilərdi. Məhz VAR-ın köməyi ilə ədalət bərpa olundu və Fransa dünya çempionluğunu qazandı.

- Amma VAR sistemi bəzən oyunun intensivliyinə təsir edir və mübahisələrə səbəb olur. Keçmişdə futbolçu olduğunuz üçün bunun hisslərini başa düşərsiniz. Təsəvvür edin ki, qol vurub sevincinizi qeyd edirsiniz, amma VAR qərarı ilə həmin qol ləğv edilir...

- Bu, mənfi tərəf kimi görünsə də, əslində müsbət bir sistemdir. Fərqli baxışdan düşünə bilərik: niyə qapımıza oyundankənar vəziyyətdən qol vurulmalıdır? Bəzən texniki səbəblərə görə VAR-a baxış zamanı vaxt uzana bilər və bu, narazılıqlara səbəb olar. Lakin statistik göstəricilər göstərir ki, qapıdan zərbə və ya topun oyuna daxil edilməsinə VAR-dan daha çox vaxt sərf olunur. Hər oyunda VAR-a ehtiyac olmur, çünki bəzi hallarda hakimlər oyunu qüsursuz idarə edirlər. Nəticədə VAR qərarları ədalətli olur və bəzən vaxt itkisinə göz yummaq mümkündür.

- Elə məqam olubmu ki, düzgün qərar vermisiniz, amma VAR sistemində əksikliklər olduğu bildirilib? Belə halda nə etmisiniz?

- Meydanda qərar verərkən hər zaman düzgün olduğunu düşünürük. VAR-a baxan hakim də aktiv hakimin biridir və yalnız baş hakim ciddi səhv edəndə onu VAR-a dəvət edir. Normalda VAR hakimləri qərarın doğru və ya yanlış olduğunu mühakimə etməməlidirlər. Bizim bir şüarımız var: "Hakim həqiqətən aşkar səhv edibmi, yoxsa yox?" Məsələn, mən sarı vərəqə göstərmişəmsə, amma VAR bunun aşkar qırmızı vərəqə olduğunu hesab edirsə, məni çağırır və epizodu yenidən izləyirəm. Sonda qərarı yenə mən verirəm. Belə hallar az da olsa yaşanır. Heç bir meydan hakimi VAR-a müraciət etmək istəməz, çünki bəzən bu qərarlar bizim qiymətimizə də təsir edir.

- Karyeranızda vermək məcburiyyətində qaldığınız ən çətin və yaddaqalan qərar hansı oyunda olub?

- Çoxları ideal komandaların oyunlarını idarə etməyin çətin olduğunu düşünür. Amma əksər hallarda turnir cədvəlinin sonunda yer alan komandaların oyunları daha gərgin və çətin keçir. Elitadan kimin çıxacağını təyin edən matçlar daha çətin olur. Mənim üçün ən çətin matçlardan biri Avropada idarə etdiyim "Sürix" - "Bayer 04" oyunu olub. Bu görüş təkcə mənim deyil, bütün briqadamız üçün ağır keçmişdi. O vaxt altı hakimli sistem tətbiq edilirdi və qapının arxasında duran hakimlərin də üzərinə böyük məsuliyyət düşürdü.

- Haqqınızdakı ən maraqlı və yumoristik tənqid hansı olub?

- Konkret olaraq yadımda qalmayıb. Üstəlik, sosial şəbəkələrdə aktiv olmadığım üçün bu cür məqamların dərinliyinə çox vara bilmirəm. Ola bilsin ki, hansısa paylaşımlarda və ya şərhlərdə maraqlı tənqidlər olub.

- Yaxınlarınızdan və dostlarınızdan kimsə sizə haqqınızda maraqlı tənqid olduğunu deyib?

- (fikirləşir) İndi heç nə yadıma düşmür.

- Bir çox avrokubok oyunlarını idarə etmisiniz. Karyeranızda ən yaddaqalan hansı xatirələriniz olub?

- Fransa və İtaliyanın U-19 komandaları arasında keçirilən final matçı xüsusi yaddaqalan idi. Həmçinin illərdir can atdığımız Çempionlar Liqasının qrup mərhələsindəki ilk oyunumuz da unudulmazdır. Karyeramda bu iki hadisəni xüsusi vurğulamaq istərdim.

- Sosial şəbəkələrdən istifadə etmədiyinizi dediniz. Amma "Qarabağ" və "Neftçi" arasında keçirilən matçdan səs yazılarınız yayıldı və bəziləri hakimlərin söyüş söyməsini tənqid etdi. Həmin vaxt nə baş vermişdi və hisslərinizi necə cilovlayırsınız?

- Video böyük marağa səbəb oldu. Peşəkar Futbol Liqasına təşəkkür edirəm, maraqlı bir iş ortaya çıxardı. Təbii ki, orada heç bir təhqirdən söhbət gedə bilməz. Oyun zamanı belə hallar olur. Biz buna söyüş demirik, daha çox gündəlik həyatımızda istifadə olunan ifadələrdir. Heç kimi təhqir etmirik və artıq-əskik söz demirik.

- Kumiriniz kim olub?

- Hakimliyə başlayanda kumirim yox idi. Son dönəmlərdə - Avropada oyunlar idarə etməyə başlayandan ingilis hakim Hovard Uebbi çox bəyənirdim. Bəlkə də İngiltərə Premyer Liqasına çox baxdığım üçündür. Türkiyədən Cüneyt Çakırı qeyd edə bilərəm. Təkbaşına haralara gəlib çıxıb. Əməyi danılmazdır. Görün öz üzərində nə qədər çalışıb ki, dünya və Avropa çempionatlarında oyunlar idarə edib. Həmçinin alman, italyan, ümumiyyətlə, böyük futbol ölkələrindən olan hakimlərdən daha çox nələrsə öyrənməyə çalışmışam.

- Hazırkı hakimlərdən kimləri bəyənirsiniz?

- İlk olaraq polşalı Şimon Marçinyakı qeyd edərdim. Son dünya çempionatının, həmçinin Çempionlar Liqasının finalını idarə etdi. Mənə görə hazırda Avropda bir nömrəli hakim odur.

- Dünya futbolunda bəzi hakimlər var ki, futbolçular onlardan qorxub. Məsələn, Pyerluici Kollina, Markus Merk və s. Bəs sizdən qorxanlar var?

- Kollinaya baxanda bəlkə də deyərik ki, onun görünüşünə görə futbolçular çəkinirlər. Markus Merki də düz qeyd etdiniz. O dönəmin hakimləri çox güclü olub. Nadir hallarda bir dönəmdə idarəçilik edən 7-8 eyni səviyyəli hakim görə bilərik. Doğrudan da onların nüfuzu daha çox idi. Futbolçular meydanda məndən qorxmasalar da, ən azı hörmət edirlər.

- Hazırda Azərbaycanda və ya dünyada azarkeşlik etdiyiniz, simpatiya göstərdiyiniz futbol klubu var?

- Bəlkə də bir qədər inandırıcı görünməyə bilər, amma yoxdur. Birincisi, işimiz buna imkan vermir. İkincisi, heç bir zaman hansısa kluba azarkeşlik etməmişəm. Hakimlikdən əvvəl də belə idi. Oyuna baxan zaman hansısa komanda mənə yaxın ola bilər.

- Nə Azərbaycanda, nə də dünyada? Hər halda, istənilən uşağın simpatiya bəslədiyi klub olur. Bəs Əliyarın uşaq vaxtı simpatiya bəslədiyi klub olub?

- Bəlkə də bəyəndiyim oyunçu olub. Amma həqiqətən simpatiya göstərdiyim klub və ya yığma olmayıb. Təbii, Azərbaycanı çıxmaq şərtilə dünya üzrə heç bir yığmanı isti qarşılamamışam. Bəlkə də hansısa klub bəyəndiyim oyunçuya görə yaxın görünə bilər. Futbola maraq oyunçuların meydandakı hərəkətlərindən yaranır.

- Simpatiyanız olan, sevdiyiniz, bəyəndiyiniz oyunçu hansıdır?

- Son illərdə Lionel Messi və Kriştianu Ronaldu futbolun hamı tərəfindən sevilməsinə səbəb olan oyunçulardır. İndi bəlkə də yaşla əlaqədar öz yerlərini gənclərə verirlər. Gənclərdən fransalı Kilian Mbappeni, almaniyalı Camal Musialanı göstərmək olar. Yüksək səviyyəli futbolçulardır.

- Əliyar Ağayevin fikri necədir, Ronaldu, yoxsa Messi? Tam səmimi cavab verməyinizi istərdik.

- Şəxsi fikrimdir, Messi daha üstündür.

- Sizcə, Azərbaycan futbolu güclüdür, yoxsa Azərbaycan hakimliyi?

- Bir qədər çətin sualdır. Nə yalan danışım, hazırkı vəziyyətdə idarə etdiyimiz oyunların səviyyəsinə əsasən Azərbaycan hakimliyinin daha güclü olduğunu deyərdim.

- Azərbaycan hakimliyinin bugünkü durumunu necə qiymətləndirirsiniz?

- Çox gənc kollektivimiz var. Üzərlərində işləməliyik, Avropa səviyyəli, birinci kateqoriyaya yüksəlməyə layiq hakimlərimiz var. Gənc olmaları da bir üstünlükdür. İnandırım sizi, elə ölkələr var ki, 38-39 yaşında hakim tapıb FIFA referisi edirlər. Bu baxımdan biz çox irəlidəyik. Premyer Liqadakı hakimlərin 85 faizi gənclərdir. Çempionatımızın səviyyəsi böyük ölkələrlə eyni olmasa da, hakimlərimiz daim yaxşı oyunları idarə etməyə can atırlar. Buna da layiqdirlər.

- Elit hakimlər kateqoriyasında hələ də yoxsunuz. Necə düşünrüsünüz, sizdən sonra gələn hakimlər bu kateqoriyaya yüksələ bilər?

- Əlbəttə, ola bilər, potensial var. Mən də addım-addım birinci kateqoriyaya yüksəlmişəm. Elit kateqoriyaya, demək olar ki, bir addım qalıb. Son addımı atmaq üçün daim çalışıram. Bunun nə zaman bu baş verəcəyini, yaxud bizdən sonra gələnlərə qismət olacağını bilmirəm.

- Elit kateqoriyada olmamağınızın səbəbi nədir?

- Bunu məndən çox kimsə istəyə bilməz. Bəzi nüamslar var. Ölkə futbolunun səviyyəsi müəyyən rol oynayır. Bəzən idarə etdiyimiz hansısa oyunlarda idarəçilik qənaətbəxş olmayıb deyə, bunu təxirə salıblar. Şükürlər olsun, son illərdə idarəçiliyimiz yaxşıdır.

- Futbolumuzun mövcud durumu buna çox təsir edir?

- Desəm ki, sırf futbolumuzun səviyyəsinə görə elit kateqoriyaya düşmürəm, bu, yalan olar. Amma müəyyən, çox cüzi təsirləri var. Çünki UEFA çalışır ki, futbolu güclü olmayan ölkələrdən də hakimlər yetişdirsin. Özləri də açıqlayırlar ki, hər dəfə, məsələn, Almaniya - İtaliya matçına fransalı hakim təyin etmək çətindir. Fərqlilik istəyirlər. Çalışırlar ki, futbolu yüksək olmayan ölkələrdən də hakimlər cəlb etsinlər.

- Hakimlik ədalət məsələsidir. Olubmu ki, ədalətli qərar verməyinizə baxmayaraq, sərt şəkildə tənqid, hətta təhdid olunmusunuz? Qardaş Türkiyədə belə hallar dəfələrlə yaşanıb.

- Tənqidlər olub. Amma şükürlər olsun ki, indiyə qədər hakimlərimizin təhdid edildiyini görməmişəm. Türkiyə ilə yanaşı, Yunanıstanı da qeyd edərdim. Tənqidlər haqlı, haqsız, amma olub. Fikrimcə, bu normaldır. Çalışırıq ki, bundan nəsə götürək. Bəzən haqsızlıq olur, amma bunu ciddiyə almırıq.

- Hakim ciddi olmalı, qərarları sərt və qəti şəkildə qəbul etməlidir. Real həyatda, ailənizdə də hakimsiniz?

- Təbii ki, hakim olmağa çalışıram (gülür). Meydanda və ailədə insan fərqli olmalıdır. Hətta oyunlarda belə bəzən gülürük, yaxud sərt oluruq. Bəzən oyunçularla danışırıq, yaxud da onları heç yaxın buraxmırıq. Biz həmişə deyirik, hakim meydanda yaxşı mənada artist olmalıdır, roldan rola girməlidir. Çünki oyun da eyni olmur. Hər komandaya və ya oyunçuya fərqli yanaşma olur. Oyunda dəyişikliklər olur. Amma həyatda evcil olmaq lazımdır.

- Sizə tərəfkeşlik etməyiniz üçün bahalı hədiyyə, pul təklif edən olub?

- Xeyr, şükür ki, olmayıb. Təbii ki, olsa, ilk növbədə təklifdən imtina edərik. Bu, bütün hakimlərin vəzifə borcudur. Mütləq imtina olunmalıdır. Federasiyada bu işə cavadeh şəxslərə isə raport yazılıb təqdim edilməlidir. Qeyd olunmasa, hətta təklifdən imtina etsə belə, hakim cəzlandırıla bilər. Həm UEFA-da həm də yerli çempionatlarda bununla bağlı nümunələr var. Bəzən olub ki, hakim dərhal təklifdən imtina edib, amma quruma heç bir məlumat vermədiyinə görə futboldan 10 illik uzaqlaşdırılıb. İmtina etmək birinci addımdır. Digər addımlar özünü qorumaq üçün atılmalıdır.

- Bir hakimin fiziki hazırlığı nə qədər önəmlidir? Siz fiziki hazırlığınız üçün nə qədər vaxt sərf edirsiniz?

- Əvvəl hakimin fiziki hazırlığının yaxşı olmasının kifayət etdiyini deyirdilər. İndiki dönəmdə isə hakim konkret atlet olmalıdır. Oyunların sürəti son illərdə çox artıb. Bu halla üzləşməmək üçün hakimin fiziki hazırlığı yüksək səviyyədə olmalıdır. Məsələn, çempionatda idarə etdiyimiz son oyunun raportunda topun 60 dəqiqə meydanda olduğu yazılmışdı. Bu, topun sırf oyunda olduğu zamandır. Yəni 95 dəqiqənin 60 dəqiqəsində top meydanda olub. Təbii ki, bu halda sən mütləq hərəkət etməlisən. Ona görə də fiziki hazırlıq önəmlidir. Hazırda fiziki hazırlıq üzrə iki məşqçimiz var və üzərimizdə çox çalışırlar. Həftədə 3 dəfə qrup şəklində məcburi məşqlər keçirik. Bundan başqa, fərdi məşqlər də edirik.

- Hakimlik sahəsində ən böyük arzunuz nədir?

- Klub yarışlarında maksimuma çatmışıq. Növbəti məqsədlər, təbii ki, elit kateqoriyaya yüksəlmək və ən azı Avropa çempionatının final mərhələsində Azərbaycanı briqada şəklində təmsil etməkdir. Bunun üçün daim çalışırıq. Əliyar bu işi tək görə və bu səviyyəyə gəlib çata bilməzdi. Briqadanın önəmi var. Neçə illərdir eyni köməkçi hakimlərlə çalışırıq.

- Yaxşı hakim olmaq üçün üç əsas şərt nədir?

- Ən birincisi fiziki hazırlıqdır. Bundan başqa, hakim oyunlardan asılı olmayaraq, meydanda ədaləti daim qorumalıdır. Üçüncü şərtə dil bilgilərini daxil edə bilərik. Amma mən hesab edirəm ki, hakim səbrli olmalıdır. Səbrli olarsa, işinin öhdəsindən daha rahat gələcək. Səbirsiz və emosional olsa, oyunun "ip"ini əlindən buraxa bilər. Səbri və təmkini üçüncü yerə qoyardım. Ondan sonra, təbii ki, dil biliyi və intellektual səviyyə gələ bilər.

- Bildiyimizə görə, ingilis, rus və Azərbaycan dilində rahat danışırsınız…

- Bəli, rus dili ölkədə daha çox istifadə olunur. İngilis dilini hakimliyə başlamamışdan əvvəl, İdman Akademiyasında təhsil alarkən öyrənmişdim. Bu da mənə çox kömək oldu. İndiki dönəmdə də bu beynəlxalq dərəcəli hakim statusu qazanmaq üçün əsas nüanslardandır. Təsəvvür edin, adınız FIFA-ya göndərilir. Daha sonra UEFA-nın seminarı olur. İngilis dili imtahanından keçə bilməsək, bizi hakim kimi qəbul etmirlər.

- İndiyə qədər çox hakim-inspektorlarla çalışmısınız. əvvəl yerli mütəxəssislər olub. Türkiyəli Barış Şimşəkdən sonra hazırda belçikalı Frank De Blekere Hakimlər Komitəsinə rəhbərlik edir. Əcnəbi hakim-inspektorlarla çalışmağın sizin üçün üstünlüyü nədir?

- Komitə sədrlərinin kimliyindən asılı olmayaraq, həmişə onlardan nəsə götürməyə çalışmışıq. Əcnəbilərdən öncə 10 il Xaqani Məmmədovla işləmişik. Təbii ki, komitə sədrləri öz məsləhətlərini verir. Çünki heç kim öz hakiminin zəif olmasını istəməz. Komitə sədrinin uzun müddət vəzifəsində qalması hakimlərdən asılıdır. Önəmli məsləhətlərə qulaq asırıq. Təbii ki, bəzən məsləhətləri önəmli sayıb istifadə etməmişik. 6 ildir əcnəbi komitə sədri təyin olunur. Hətta futbolu kifayət qədər yüksək səviyyədə olan ölkələrdə belə əcnəbi komitə sədrlərini dəvət edirlər. Əsas məqsədlərdən biri budur ki, UEFA ilə işbirliyində irəliləyişlərə nail olunsun.

- Bir az əvvəl verdiyim sualı təkrarlamaq istərdim. Mümkünsə, bir əsəbiləşdiyiniz, bir də sizi güldürən məqamlarla bağlı xatirələrinizi bizimlə bölüşərdiniz…

- Əslində xoşuma gəlməyən tənqidlər çox olub (gülür, daha sonra fikirləşir). Vallah, gizlətmirəm, amma hazırda yadıma düşmür. Yumoristik məqamla bağlı deyim ki, bir dəfə Bolqarıstana "Ludoqorets" - "Espanyol" matçını idarə etməyə getmişdik. İsinmə hərəkətləri zamanı stadionda toplaşan türkiyəli azarkeşlər bir neçə dəfə "Əliyar, Əliyar" deyə adımı çağırdılar. Təbii ki, belə olan halda adətən reaksiya vermirik. Lakin qəfildən Prezident İlham Əliyevin ad və soyadını bir neçə dəfə səsləndirdilər. Maraq yarandı və biz də onlara öz salamımızı çatdırdıq.

0.042859077453613