Lerikdə BƏDBƏXT HADİSƏ: Odun peçi azyaşlını YANDIRDI

Lerikdə benzinlə ehtiyatsız davranma 2 yaşlı uşağın yanmasına, ata və ananın xəsarət almasına səbəb olub.

APA-nın verdiyi məlumata görə, hadisə Lerik rayonunun Blaband kənd ərazi vahidliyinə daxil olan Şinəbənd kəndində baş verib.

Kənd sakini 1987-ci il təvəllüdlü Rüfət Güloğlan oğlu Abbasov evdə odun peçini qalamaq üçün benzindən istifadə edib.

Bu zaman peçdən çıxan alov ətrafa və yaxınlıqda olan uşaq, 2022-ci il təvəllüdlü V.R.Abbaslının üzərinə düşüb.

Uşağın anası, 1989-cu il təvəllüdlü Afiqə İbrahim qızı Qasımova dərhal uşağın paltarlarını çıxarmağa çalışıb. Həmin anda ana da hər iki əlin 1 və 2-ci dərəcəli termiki yanıq xəsarətləri alıb.

2 yaşlı uşaq dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub, ilkin tibbi yardımdan sonra vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda həkimlər uşağın vəziyyətini ağır qiymətləndirirlər. Ona bədənin 90% termiki yanığı diaqnozu qoyulub. Ata R.Abbasov isə Lerik Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

0.052439212799072