Zəfər Bayramı - Azərbaycan xalqının qürur mənbəyi - ŞƏRH + FOTO

30 illik erməni işğalına son qoyan tarixi qələbəmizdən üç il ötür. 2020-ci il noyabrın 8-də müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın 200 illik işğal siyasətinə son qoydu. Bununla da Azərbaycanın adı dünya tarixinə qalib dövlət kimi yazıldı.

Uzun illər bir xalq olaraq onun-bunun qələbəsinə sevindik, bayram etdik. 44 günlük Vətən müharibəsində qazanılan qələbə isə milli bayramımız, qürur mənbəyimiz oldu. Bu ilin sentyabrında 23 saatlıq antiterror tədbirləri ilə 44 günlük müharibəyə yekun vuruldu. Bununla Azərbaycan pozulan hüquqlarını, ərazi bütövlüyünü, suverenliyini təmin etdi. Nəticədə ermənilərin 200 ildir həyata keçirdikləri işğalçılıq siyasətinə son qoyuldu. Azərbaycan bayrağı Xankəndidə, Xocalıda, Əsgəranda, Ağdərədə və digər torpaqlarımızda ucaldıldı.

Beləliklə, Ali Baş Komandanın rəhbərliyi ilə hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu dünya hərb tarixinə düşən bir qələbəyə imza atdı. İşğalçı Ermənistanın 30 il ərzində qurduğu hərbi istehkamlar, ordu darmadağın edildi, milli birlik və döyüşçülərimizin igidliyi sayəsində böyük zəfər qazanıldı. Sözsüz ki, bu böyük zəfər, eyni zamanda, milli mənsubiyyətindən asılı olmayaraq, xalqımızın “dəmir yumruq” ətrafında sıx birləşməsi, iqtidar-xalq birliyi sayəsində əldə edildi. Noyabrın 8-də Şuşa şəhərinin azad olunması isə hərb tariximizin qızıl səhifəsi oldu. Şəhidlərin qanı bahasına əldə olunan bu qələbə ilə Azərbaycan 30 il beynəlxalq birliyin həll edə bilmədiyi və yaxud həll etməyə can atmadığı münaqişəni tarixin arxivinə gömdü.

Tarixi qələbəyə gedən yol

Sözsüz ki, tarixi zəfərimizə gedən yol elə də asan olmayıb. Tarixdən də məlum olduğu kimi, ötən əsrin 90-cı illərinin sonlarında, SSRİ-nin dağılması ərəfəsində Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları baş qaldırdı. Ardınca da indiki Ermənistan ərazisindən 200 minə yaxın soydaşımız öz ata-baba torpaqlarından qovuldu. Təcavüz sonrakı illərdə Azərbaycan torpaqlarına keçdi, ərazilərimiz işğal olundu, bir milyon soydaşımız öz torpağında qaçqın və məcburi köçkün vəziyyətinə salındı. Torpaqlarının işğalı, ovaxtkı hakimiyyətsizlik Azərbaycanın dövlət kimi tarixdən silinməsi təhlükəsinə səbəb olmuşdu. Məhz belə bir məqamda ümummilli lider Heydər Əliyev xalqın israrlı tələbi ilə hakimiyyətə gəldi. Qısa zaman kəsiyində Ermənistanla atəşkəsə nail olundu, ordu quruculuğu və daxili sabitliyin bərpasına başlanıldı. Çox mürəkkəb şəraitdə irimiqyaslı iqtisadi və siyasi uğurlara imza atıldı. “Əsrin müqaviləsi” kimi tək regionun deyil, ətraf bölgələrin də tərəqqisində mühüm rola malik saziş imzalandı. Ümummilli lider gözəl bilirdi ki, torpaqların azad olunması güclü ordunun qurulmasından və ən əsası, güclü iqtisadi əsasın yaradılmasından keçir. Ümummilli liderin layiqli davamçısı İlham Əliyev də bu prosesi layiqincə davam etdirdi. 2003-cü ilin oktyabrında prezident seçilən İlham Əliyev ilk gündən bu istiqamətdə yorulmaz fəaliyyəti ilə seçildi, qısa müddət ərzində Azərbaycan Cənubi Qafqazda həm siyasi, həm iqtisadi, həm də hərbi gücə çevrildi.

Noyabra gedən yol apreldən başlayır

Ordu quruculuğuna böyük önəm verən Ali Baş Komandan ən müasir silahların alınması, hərbçilərin peşəkarlığının artırılmasını prioritet elan etdi. 2016-cı ilin Aprel hadisələri zamanı düşmən ölkə və bütün dünya Azərbaycan Ordusunun qüdrətinin şahidi oldu. Cəmi dörd gün ərzində Azərbaycan düşmənin 30 il qurduğu müdafiə sistemlərini darmadağın etdi. Lakin bu uğur da düşməni ağıllandırmadı, o, təxribatçı əməllərini, hücumları dayandırmadı. Proses 2020-ci il sentyabrın 27-nə qədər davam etdi. 2020-ci ilin 27 sentyabrında ordumuzun ermənilərin hücumlarına cavab olaraq başladığı Vətən müharibəsi xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu. Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində ordumuzun gücü ilə tarix yazdı. Xalqımızı öz milli hədəflərinə çatdırdı, Azərbaycan dövləti və xalqı tarixin ən yüksək zirvəsinə ucaldı.

Bu Zəfər Ali Baş Komandan ətrafında birləşərək “dəmir yumruq” yaradan xalqın qalibiyyətidir. Döyüş meydanında olduğu kimi, diplomatik müstəvidə də Azərbaycan tarixi qələbə qazandı. Bu zəfər Azərbaycan xalqının misli görünməmiş qəhrəmanlıq salnaməsidir. Noyabr ayı müstəqil Azərbaycanın müasir tarixində artıq zəfər, qələbə ayı kimi qalacaq. Bu qələbə təkcə Ermənistan üzərində deyil, həm də ölkəmizə qarşı qeyri-dost münasibəti bəsləyən, bütün vasitələrlə təzyiqlər göstərməyə çalışan haqsız qüvvələr üzərində Zəfərdir.

10 Noyabr - tarixi ədalətsizliyə son qoyulduğu gün

2020-ci ilin noyabr ayının 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya prezidentləri, eləcə də Ermənistanın baş naziri tərəfindən imzalanmış Üçtərəfli Bəyanatla münaqişənin hərbi mərhələsi başa çatdı, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoyuldu. Düşmənin məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi Azərbaycan Ordusu puç etdi, bunu bütün dünyaya göstərdi. Azərbaycan xalqı bütün qüvvələri onun iradəsi ilə hesablaşmağa vadar etdi və ərazi bütövlüyünü bərpa etdi. II Qarabağ savaşının gedişində dünya Azərbaycan xalqının birliyini gördü. Ölkəmizdə yaşayan bütün millətlərin və dini konfessiyaların nümayəndələri həmrəylik nümayiş etdirərək Vətən bildikləri torpaq uğrunda cəsarətlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər.

Mahiyyət etibarı ilə Ermənistanın kapitulyasiya aktı olan 10 noyabr Bəyanatının imzalanması ilə Azərbaycanın bir çox növbəti siyasi-diplomatik və iqtisadi uğurlarının əsası qoyuldu. İlk növbədə, reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşməsi nəzərdə tutulurdu. Bu tarixi hadisəni reallaşdırmaqla Azərbaycan regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması ilə bağlı özünün tarixi missiyasının bir hissəsini icra etmiş olacaq.

Bəyanatın imzalanması ilə Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən işğaldan azad edildi və Azərbaycanda Böyük Qayıdış strategiyası icra olunmağa başlandı. Düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması mərhələsi artıq başlanıb. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş əraziləri ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Bu gün artıq keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün imkanlar səfərbər olunub. Azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin birbaşa nəzarətində olan irimiqyaslı infrastruktur layihələri icra olunur. Artıq Füzuli və Zəngilan Beynəlxalq Hava limanları fəaliyyətə başlayıb və 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. Bərdə-Ağdam dəmir yolu gələn il istifadəyə veriləcək və s.

Zəfər Bayramı qürur mənbəyidir

Beləliklə, Zəfər Bayramı xalqımızın qürur mənbəyinə çevrilib. Azərbaycanı hər kəs qalib ölkə, müzəffər xalq kimi tanıdı. Şanlı Zəfərlə, Ermənistanın acınacaqlı məğlubiyyətilə “Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsinin üstündən birdəfəlik xətt çəkildi. Tarixi Azərbaycan torpaqlarında yeni erməni dövlətinin qurulması planları darmadağın edildi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır! Nəhayət, bu gün Vətən müharibəsini zəfərlə başa vuran ölkəmiz bölgədə yeni reallıqlar yaradıb. Ən böyük reallıq isə əlbəttə ki, torpaqlarımızın azad edilməsi, vətəndaşlarımızın yurd-yuvalarına dönməsi, Ermənistanın işğalçı siyasətinə son qoyulmasıdır.

“Report” İnformasiya Agentliyi

0.07807183265686