Restoranda tanışını bıçaqlayan gənclə bağlı məhkəmə qərarı açıqlandı

Bakı Apellyasiya Məhkəməsində restoranda vətəndaşı bıçaqlamaqda təqsirləndirilən Polad Salmanovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, hadisə ötən ilin aprelində paytaxtın Binəqədi rayonunun Binəqədi şosesində yerləşən restoranlardan birində baş verib. Belə ki, spirtli içkinin təsiri nəticəsində aralarında yaranmış mübahisə zəminində 2006-cı il təvəllüdlü P.Salmanov tanışı, 2005-ci il təvəllüdlü Xəyal Hüseynovu bıçaqlayıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində P.Salmanov saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə təhvil verilib. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə P.Salmanov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

0.11166095733643