Bu gün Ümumdünya Su Günüdür

22 mart - Ümumdünya Su və ya Su Resursları Günüdür. Ümumdünya Su Resursları Gününün keçirilməsi haqqında ilk təklif 1992-ci ilin iyununda Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş BMT-nin Ətraf Mühitin Mühafizəsi və İnkişafı Konfransında (UNCED) irəli sürülüb. BMT-nin Baş Assambleyasının 1993-cü il 22 fevral tarixli qərarına əsasən, Ümumdünya Su və ya Su Resursları Günü qeyd olunmağa başlanılıb.

hakimiyyet.az xatırladır ki, bu il BMT-nin diqqət mərkəzindəki məsələ su və kanalizasiya böhranını həll etmək üçün dəyişikliklərin sürətləndirilməsidir. Qlobal kampaniya insanları sudan istifadə, istehlak və idarəetmə üsullarını dəyişdirmək üçün öz həyatlarında hərəkətə keçməyə təşviq edir.

Yer üzərində yaşayan insanların hər biri gün ərzində 2-4 litr su içir, bundan daha çox içməli su isə istehlak olunan kənd təsərrüfatı məhsullarına sərf olunur. Təmiz və içməli su problemi XXI əsrdə bəşəriyyətin qarşısında duran ən aktual problemlərdən biridir. Yerüstü su ehtiyatlarımızın 70 faizi iri tranzit çaylarla Kür, Araz, Qanıx, Samur çayı ilə daxil olan su ehtiyatlarıdır. Əsas su arteriyalarımız olan Kür və Araz çayları qonşu ölkələrin ərazisində yüksək dərəcədə çirklənməyə məruz qalır.

Bu günün keçirilməsinin məqsədi su resurslarının mənimsənilməsinin hansı səviyyədə olmasının, iqtisadi və sosial rifahın səmərəliliyinin yüksəldilməsinə təsirinin müəyyən edilməsi və bu barədə maarifləndirilmənin təmin edilməsidir. 

0.061925172805786