Türkiyəli ekspert: “Brüssel görüşü Qafqazda yeni nifaq toxumu səpmə cəhdidir” - FOTO

“Aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ-nin dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iştirakı ilə keçiriləcək üçtərəfli görüşə Azərbaycan və Türkiyənin dəvət edilməməsinin arxasında regionda yeni bir qarşıdurma yaradılması məqsədi dayanır”.

Bunu “Report”un Ankara bürosuna açıqlamasında siyasi elm və beynəlxalq əlaqələr üzrə türkiyəli mütəxəssis İsmail Cingöz bildirib.

Onun fikrincə, bu görüş Qafqazda yeni bir nifaq toxumu səpməyə cəhddir:

“Brüsseldə üçlü formatda danışıqların aparılacağı elan edildiyi ilk gündən məlum oldu ki, Qafqazda təhlükəsizliyin bərpası üçün heç bir müsbət addım atılmayacaq. İkinci Qarabağ müharibəsi Azərbaycanın haqlı zəfəri ilə bitsə də, Ermənistan sülh müqaviləsini imzalamayıb. Bu mövzuda danışıqlar, eyni zamanda dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycan və Ermənistanda yaradılmış komissiyaların görüşləri, müzakirələri davam edir. Bu şəraitdə belə Ermənistan israrla Türkiyədən iki ölkə arasında normallaşma və sərhədlərin açılması tələbini dilə gətirir. Üçlü görüşün keçirilməsi regionda sülh və sabitliyin bərqərar olunmasına deyil, əksinə, yeni qarşıdurma yaratmağa yönəlib”.

Ekspert deyib ki, N.Paşinyan hakimiyyətə gəldiyi gündən qərbpərəst siyasət həyata keçirir, Rusiya ilə qarşıdurmanı hər gün genişləndirir:

“Amma Ermənistan hökuməti nə qədər qərbyönlü olsa da, şərtlər buna imkan vermir. Çünki 1991-ci ildən bu ölkənin sərhədlərini Rusiya hərbçi və sərhədçiləri qoruyur. Moskva və İrəvanın bununla bağlı imzaladığı müqavilə həm də Rusiya ilə ticarət əlaqələrini təmin edir. Ermənistanın qərbpərəstliyi Kremlin maraqlarına zidd olduğu üçün iki ölkə arasında münasibətlər gərginləşməkdədir. Hazırda Azərbaycanın 8 kəndi Ermənistanın işğalı altındadır, İrəvan onları geri qaytarmayıb, bundan başqa, tərəflər arasında münasibətlərin normallaşması üzrə danışıqlar yekunlaşmayıb, sülh müqaviləsi imzalanmayıb. Belə bir vəziyyətdə Brüsseldə Azərbaycanın iştirakı olmadan üçtərəfli görüşün keçirilməsi regionda münasibətləri gərginləşdirməyə xidmət edir”.

Fransa və Hindistanın Ermənistanı silahlandırdığını xatırladan İ.Cingöz ABŞ-nin də İrəvana hərbi dəstək vermək cəhdlərinin müşahidə edildiyini vurğulayıb:

“Ermənistan müxalifətinin, erməni diasporunun, bəzi Qərb və region ölkələrinin, bundan başqa Hindistanın da Qafqazda sülh tərəfdarı olmadıqları məlumdur. Hazırkı situasiya Ermənistanın silahlanaraq Azərbaycanla yeni bir müharibə vəziyyəti yaratmaq planlarından xəbər verir. Yəni sülh tərəfdarı olmayan ölkələrin Brüssel zirvəsindən cəsarətlənərək yeni bir savaş alovlandıracaqları ehtimalı var”.

Ekspertin fikrincə, bütün bunlara rəğmən Türkiyə ilə Azərbaycanın sarsılmaz ittifaqı, Türk Dövlətləri Təşkilatının (TDT) güclənməsi, Böyük Britaniyadan idarə olunan yeni dünya sistemi və Zəngəzur dəhlizinin açılması zərurəti yeni müharibənin qarşısını ala bilər:

“Yəni yuxarıda qeyd etdiklərim İrəvanı yeni savaşdan çəkindirən böyük gücdür: Hərbi baxımdan öz hədəflərini addım-addım inkişaf etdirən Türkiyə və müttəfiqi qardaş Azərbaycana qısqanc münasibət göz önündədir. Xüsusilə bu proses regiondakı bəzi qonşu ölkələrdə qısqanclıq yaradır. Bununla bərabər güclənən Türk Dövlətləri Təşkilatı da bəzi ölkələrin kürkünə birə salıb. Bu məsələdə də Qafqazda Azərbaycanın kilid nöqtə olması diqqət mərkəzindədir".

İ.Cingöz əlavə edib ki, Naxçıvan üzərindən Zəngəzur dəhlizinin açılması gündəmin əsas mövzularındandır. Ermənistan isə Qərbdən aldığı dəstəklə buna əngəl olmağa çalışır. Amma Londondan idarə olunan yeni dünya sistemi də bu dəhlizin açılmasına böyük ehtiyac duyur:

"Ermənistan Londonun yüksələn gücü qarşısında çox dayana bilməz. Əslində Britaniya hər nə qədər Avropa İttifaqından ayrılmış olsa da, Qərbdə böyük qüvvədir və bu üçtərəfli görüşə dəvət edilməməsi diqqətlə təqib edilir. Bu görüş həm də Avropada yeni qütbləşmənin olduğundan xəbər verir. Ona görə də Ermənistanın dünyaya çıxışının Türkiyə və Azərbaycansız mümkün olmadığını etiraf etdiyi halda belə addım atması ilk növbədə özünə vurduğu zərbədir. Türkiyə, Azərbaycan və Türk dünyası isə Qafqazı yeni münaqişə mənbəyinə çevirmək istəyənlərə dərs vermək qüdrətindədir”.

0.070458889007568