İranın vəziyyətinin göstəricisi: SEPAH-ın dezinformasiyası - ŞƏRH + FOTO

HƏMAS-İsrail müharibəsinin altı ayı tarixə döndü. Bu müharibənin davam etməsi bəzi rejimlərin ömrünün uzanmasıdır. Ona görə də İran, Suriya və onları dəstəkləyənlər daha çox bu savaşı mümkün qədər uzatmağa, ya da əlüstü HƏMAS-la atəşkəsə, sülhə dair razılığa nail olmağa çalışırlar.

Çünki HƏMAS-ın, habelə Fələstindəki bu kimi qruplaşmaların sıradan çıxması, regiondan uzaqlaşdırılması nəticəsində Körfəz iqtisadi əməkdaşlıq ölkələri ilə İsrail, həmçinin Fələstinlə İsrail arasında keyfiyyət baxımından yeni yanaşma yarana bilər. Bu isə İran hakimiyyətinin regional məsələlərə təsirini azaldar. Belə bir vəziyyət perspektivdə iranyönümlü “müqavimət” qruplarının da fəaliyyətinə mənfi təsir göstərər. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qurduğu belə silahlı dini-siyasi qruplaşmalara maraq da azalar, yaxud da olmaz.

Bu baxımdan altı aydan artıq davam edən müharibədə HƏMAS-ın, bir silahlı-siyasi qruplaşmanın taleyi deyil, həm də Yaxın Şərq bölgəsinin gələcəyi həll oluna bilər.

Müharibədə daha çox İran hakimiyyətinin, xüsusilə SEPAH-ın əməlləri, izləri görünür. Hadisələrlə bağlı həm də SEPAH-ın yaydığı xəbərlərə diqqət edilir.

Aprelin 7-də bu silahlı birləşmə İsrailin tamamilə Qəzza zolağından çıxdığına dair məlumat yayıb. Bunu İranın İsraili vuracağı xəbərdarlığı ilə əsaslandırıb. SEPAH bu məsələdə özünə mənbə olaraq “Jadeh” adlı saytı seçib.

Bildirib ki, Tehran hakimiyyəti Oman sultanlığı vasitəsi ilə İsraili vuracağına dair xəbərdarlıq göndərib. İranın ismarışına görə, ABŞ daimi atəşkəsi təmin etməzsə və zolağın Rəfah şəhərinə İsrailin hücumunu dayandırmazsa, o halda birbaşa yəhudi dövlətini vuracaq.

SEPAH bildirib ki, ali dini rəhbər ayətullah Seyid Əli Xamenei ölkə rəsmiləri ilə görüşündə deyib: “Sionist rejimin Qəzza zolağında məğlubiyyəti davam edəcək, o, tənəzzülə, məhvə yaxınlaşacaq”.

Korpusun iddiasına əsasən, Xameneinin hədələyici çıxışlarından sonra İsrail qoşununu Qəzza zolağından tamamilə çıxarıb: “Bununla da İran ABŞ qarşısında seçim qoyub - İsrailə birbaşa hücumdan Qəzzada daimi atəşkəs imzalamaq və Rəfahda əməliyyat aparılmayacağına rəsmi zəmanət verməklə qaça bilərsiniz”.

İsrailin müdafiə naziri Yoav Qallant isə bildirib ki, Müdafiə Ordusu Rəfaha hücuma hazırlaşdığı üçün zolağın cənubundakı Xan Yunis rayonundan qoşununu çıxarır.

İsrailin Baş naziri Benyamin Netanyahu isə bəyan edib ki, Qəzza zolağında saxlanılan girovlar sərbəst buraxılmayanadək atəşkəs olmayacaq.

Onun sözlərinə görə, HƏMAS müharibənin dayandırılmasını və toxunulmazlıq tələb edir: “Bu, hərəkatın qalması və bərpasını təmin etməkdir”.

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Rəfahla bağlı açıqlama yayaraq qeyd edib ki, Benyamin Netanyahu Rəfahda genişmiqyaslı əməliyyatlarsız müharibənin bitməsi ilə bağlı qərar qəbul edəcəyi halda onun baş nazir postunda qalması mümkün olmayacaq.

Odur ki, SEPAH-ın İsrail qoşununun Qəzza zolağını tərk edəcəyinə dair xəbər daha çox bəzi sarı mətbuatın yaydığı şayiəyə oxşayır. Bu dezinformasiya daha çox daxili auditoriya və proksi qüvvələr üçün nəzərdə tutulub. Silahlı qruplaşma bununla öz gücünü və regional qüdrətini göstərməyə cəhd göstərir. Guya Tehranın hədəsi ilə İsrail zolaqdan çıxıb. İsrail rəsmiləri açıqlamalarında bildiriblər ki, qoşunların Xan Yunisdən çıxması müharibənin başa çatması, Rəfahda əməliyyatın keçirilməməsi anlamına gəlmir.

Aprelin 8-də HƏMAS-la Qahirədə danışıqlar uğursuz başa çatıb. Danışıqlarda irəliləyişin olmadığı da bildirilib.

SEPAH-ın hədələyici başqa bir dezinformasiyası isə Azərbaycan və İsraillə bağlıdır.

ABŞ və İsrail tərəfindən terrorçu təşkilat olaraq tanınan bu silahlı birləşmənin təbliğat qurumları əvvəlcə İsrailin Bakıdakı səfirliyinin vurulmasını, bunun ardınca Azərbaycanın Zəngilan rayonunda yerləşən “İsrail mərkəzlərinə“ zərbələrin endirilməsini “təklif etmişdi”.

Bunların heç biri baş verməyəndə planı yeni formada təqdim edib. Bildirib ki, guya İrandan Təl-Əvivə birbaşa 20, İsrailin Bakıdakı “yuvaları”na isə beş raket buraxılmalı imiş. SEPAH-ın iddiasına əsasən, bu, “müqavimət cəbhəsini” və İranın regionda gələcək mövcudluğunu təmin etmək üçün lazımdır. Ancaq İran hakimiyyətinin Azərbaycan ərazisində belə davranışı bumeranq effekti verər. İstər-istəməz yada bu ilin yanvarında Pakistanın İran ərazisinə cavab zərbəsi endirməsi düşür. Ancaq rəsmi Bakı İranda 30 milyondan çox azərbaycanlının olduğunu nəzərə alıb, bu addımı atmaz. SEPAH-ın daxilindəki antitürklərin, panfarsistlərin cavabını 30 milyonluq Azərbaycan türkü verər. Ona görə də belə bir addımı atmaq istəyənlər İranı daxildən pərişan edərlər.

İran hakimiyyəti Ermənistandan Cənubi Qafqazda mövcudluğunu qorumaq, Azərbaycana təzyiq etmək üçün alət kimi istifadə edir. SEPAH-ın ötən gün yaydığı xəbərdə bildirilib ki, Azərbaycan və Ermənistan arasında artan gərginlik fonunda İslam Respublikası ikinciləri “ilk dəfə olaraq silahlandırmağa başlayıb”. Aprelin 7-də İranın “Boeing 747” (IR4705) hərbi təyyarəsi Tehrandan Ermənistan istiqamətində uçarkən GPS-ni söndürüb. SEPAH-ın məlumatına əsasən, həmin təyyarədə İrəvana dronlar və başqa silah sistemləri daşınıb.

Bu silahlı birləşmənin iddiasına əsasən, İran əvəz çıxır, Zəngəzur yolunun açılmasını regional ölkələrin sərhədlərinin dəyişməsi kimi qiymətləndirir.

SEPAH bu kimi “xəbər” və “dəyərləndirmə”lərlə Azərbaycana qarşı qara yaxır.

İran Silahlı Qüvvələrinin tərkibi sayılan SEPAH ölkə hakimiyyətinin bel sütunudur. İranda dövlət içində dövlət sayılır. Onun zəifləməsi və ya sıradan çıxması Tehrandakı mövcud rejimin çökməsi, süqutunun başlanğıcı ola bilər. Belə bir qurumun dezinformasiya, saxta məlumatlar yayması onun vəziyyətinin göstəricisidir. Çünki informasiya texnologiyaları zamanıdır. Onun yaydığı saxta məlumatların dəqiqliyini yoxlamaq elə də çətin deyil. Odur ki, SEPAH-ın dezinformasiya siyasəti Tehran hakimiyyətində və bel sütununda ciddi problemlərin olduğunu ehtimal etməyə əsas verir. Belə bir vəziyyət isə İrandakı rejimə perspektivdə yaxşı heç nə vəd eləmir.

“Report” İnformasiya Agentliyi

0.31704711914062