Yeni qaydalar və təlimlər: Taksi sürücüləri nələri bilməlidirlər? - MÜSAHİBƏ + FOTO/VİDEO

Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da nəqliyyat sektorunda müəyyən neqativ nüanslar mövcuddur. Bunun böyük hissəsi ictimai nəqliyyatın payına düşür, bir az da dəqiqləşdirsək, taksi xidmətinin. Sərnişinlərin ən çox şikayətləndikləri məqam taksi fəaliyyətində istifadə olunan nəqliyyat vasitələrinin texniki vəziyyəti, eləcə də avtomobili idarə edənlərin peşəkarlıq səviyyəsi və etikasıdır.

İllərlə davam edən problemin çıxış yolu istiqamətində bir sıra qərarlar qəbul edilib. Taksi minik avtomobili ilə sərnişindaşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər, eləcə də taksi fəaliyyəti göstərəcək sürücülərin peşəkarlıq səviyyəsinin artırılmasına dair qaydalar təsdiq edilib.

Taksi fəaliyyəti göstərəcək şəxslərin zəruri tələblərə nə dərəcədə cavab verdiklərini öyrənmək üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Təlim-Tədris Mərkəzinə yollandıq. Çünki taksi xidməti göstərmək üçün sürücülərdən tələb edilən sənədlərdən biri də sürücülərin xüsusi hazırlıq keçməsini təsdiq edən şəhadətnamələrdir.

hakimiyyet.az-ın mövzu ilə bağlı suallarını AYNA-nın mətbuat katibi Tural Orucov cavablandırıb:

- Tural bəy, təlim mərkəzi haqqında məlumat verərdiniz. Burada sürücülərə nələr öyrədilir?

- AYNA-nın Təlim-Tədris Mərkəzində həm avtobus, həm minik, həm də yük avtomobili sürücülərinə tədris proqramı keçilir. Mərkəzimiz müasir avadanlıqlarla təchiz olunub və ərazidə praktiki təlimlər üçün beynəlxalq standartlara cavab verən xüsusi yollar salınıb. Müxtəlif yol şəraitini imitasiya edən avadanlıqlar quraşdırılıb. Tədris proqramına sürücünün iş və istirahət rejimi normalarına riayət olunması, hərəkət təhlükəsizliyinin təmin edilməsi, ilk tibbi yardımın göstərilməsi və s. mövzular daxil edilib. Bu təlimlər bizim Təlim-Tədris Mərkəzi ilə yanaşı, AYNA ilə əməkdaşlıq çərçivəsində regionlarda yerləşən ali təhsil müəssisələrində - Gəncə şəhərindəki Azərbaycan Texnologiya Universiteti, Sumqayıt və Mingəçevir Dövlət universitetlərində keçirilir. Hazırda Yevlax və Şəki şəhərlərində də taksi sürücülərinin müraciətləri qəbul olunur.

- Taksi sürücülərinin təlim prosesi necə gedir? Sürücülər zəruri normativlərə nə dərəcədə cavab verirlər?

- Ötən ilin avqust ayından taksi minik avtomobillərinin sürücüləri təlimlərə cəlb ediliblər. Sürücülərə, əsasən, sərnişindaşımalarını tənzimləyən normativ-hüquqi aktlar, sərnişindaşıma qaydaları, sürücü və sərnişinlərin hüquq və vəzifələri, nəqliyyat vasitələri, sürücülərə dair tələblər, eləcə də etik davranış qaydaları haqqında təlimlər keçilir.

Proqramın yekununda imtahan təşkil edilir. Hazırlığı müvəffəqiyyətlə bitirən sürücülərə şəhadətnamə təqdim olunur. Bu günə qədər 15 minə yaxın sürücü təlimlərdə iştirak edib. Qeyri-məqbul nəticə göstərən sürücülərlə təkrar təlim və qiymətləndirmə aparılır.

- Azərbaycanda çoxsaylı genişmiqyaslı rəsmi tədbirlər keçirilir. Xarici ölkələrdən bir çox nümayəndə heyətləri, turistlər ölkəmizə səfər edirlər. Yaşanan problemlərdən biri də taksi fəaliyyəti göstərən şəxslərin dil biliklərinin aşağı səviyyədə olmasıdır. Təlimlər çərçivəsində bu məqama yer ayrılıbmı?

- Bizim təlimlərimiz cəmi dörd gün davam edir. Üç gün nəzəri, bir gün praktiki dərs olur. Daha sonra qiymətləndirilmə aparılır.

Təlim proqramında sürücülərə dil biliklərinin tədrisi və ya təkmilləşdirilməsi nəzərdə tutulmayıb. Aydındır ki, belə qısa zamanda bu, faydalı olmaz. Sürücünün xarici dilləri bilməsi şirkətlər tərəfindən müəyyənləşdirilir və onlar belə sürücülərin uçotunu aparırlar. Əlbəttə ki, xarici dil bilmək sürücünün üstünlüyüdür.

- Təlimlərə xarici ölkə vətəndaşlarından müraciət edənlər olubmu? Tez-tez rastımıza türkiyəli və pakistanlı taksi sürücüləri də çıxır...

- Təlimlərdə iştirak edənlər arasında azərbaycanlılar üstünlük təşkil etsələr də, Türkiyə, Gürcüstan, Pakistan və Rusiya vətəndaşları da olur. Onlar xarici ölkə vətəndaşları olsalar da, əksəriyyəti öz soydaşlarımızdır. Bir qismi isə ölkəmizdə yaşamaq və işləmək hüququ olan əcnəbilərdir. Onlar da hamı kimi təlimlərdə və qiymətləndirmədə iştirak edir, uğurlu nəticə əldə etdikləri halda şəhadətnamə alırlar.

- Reallıq budur ki, bəzi şirkətlər heç bir sənəd tələb etmədən, tək şəxsiyyət vəsiqəsi ilə sürücüləri işə qəbul edirlər. Bu məsələyə necə nəzarət ediləcək?

- Taksi fəaliyyəti ilə bağlı təlim keçmiş və müvafiq şəhadətnamə almış şəxslər barədə məlumatlar AYNA-nın vahid informasiya bazasına yerləşdirilir. Bu günə qədər 15 minə yaxın sürücü fərdi QR-kodu olan şəhadətnamə alıb və onların məlumatları həmin bazaya yerləşdirilib. Hazırda qeyd edilən hazırlıq prosesi davam edir.

- Bəzən sürücü və sərnişinlər arasında ünsiyyət zamanı problemlər yaşanır. Təlimə gələnlərin etik davranış qaydaları ilə bağlı göstəriciləri də şəhadətnamələrdə yer alır?

- “Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişindaşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Taksi sürücüləri etik davranışla bağlı əlavə təlimlərə cəlb olunmayacaqlar. Buraxılış vəsiqəsi və buraxılış kartı almaq üçün dördgünlük təlim zamanı sürücülərin etik davranışları da qiymətləndiriləcək.

Etik davranış və avtomobil nəqliyyatı ilə sərnişindaşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlığın keçməsini təsdiq edən sənədi olmayan sürücülər buraxılış vəsiqəsi və buraxılış kartının alınması üçün müraciət edə bilməyəcəklər. Nəticədə həmin sürücülərin taksi fəaliyyətinə də icazə verilməyəcək.

Suallarımızı yekunlaşdırıb avtomobillərin texniki cəhətdən qeyd edilən normalara uyğun olub-olmadığını müəyyənləşdirmək üçün praktiki təlimlərin keçirildiyi əraziyə yollanırıq.

Burada taksi sürücülərinin müxtəlif - yağışlı, sürüşkən və gözlənilməyən - maneələr zamanı nəqliyyat vasitəsini hansı formada idarə etdikləri yoxlanılır. Nəqliyyat vasitələrinin ABS (əyləc) sistemlərinin səviyyəsi müşahidə edilir. Eləcə də sürücülərə qəza zamanı nəqliyyat vasitəsini düzgün formada idarə etməyin yolları müxtəlif simulyatorlar vasitəsilə izah olunur.

Təlimçi süni yağışlı hava şəraiti yaradılan yaş asfalt üzərində sürücünün nəqliyyat vasitəsini qəzadan yayındırması və əyləc sistemindən düzgün istifadə qaydasını göstərib. Oxuculara daha aydın olsun deyə yanlış və doğru manevr qaydaları lentə alınıb. 

Belə ki, yaş asfalt üzərində hərəkətdə olan nəqliyyat vasitəsi sağa sürüşərsə sükanı sola, sol tərəfə sürüşərsə isə sükanı sağa çevirərək nəqliyyat vasitəsinin nizamlamaq lazımdır. 

Aşağıdakı videogörüntülərdə sözügedən manevr qaydasının yanlış və doğru variantları əks edilib:

Xatırladaq ki, taksi xidməti göstərmək üçün sürücülərdən bir sıra sənədlər tələb olunur.

Taksi minik avtomobilləri ilə sərnişindaşımalarına buraxılış vəsiqəsinin alınması üçün hüquqi şəxslər və ya fərdi sahibkarlar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) elektron qaydada müraciət etməlidirlər. Bunun üçün e-xidmətə VÖEN-ə bağlı gücləndirilmiş elektron imza (SİMA, ASAN imza və s.) ilə daxil olmaq mümkündür.

İcazənin alınması üçün AYNA-ya aşağıdakı sənədlərlə ərizə ilə müraciət edilməlidir:

1. Ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti (EHİS-dən inteqrasiya edilir);

2. Ərizəçi fərdi sahibkar olduqda şəxsiyyət vəsiqəsinin surəti (EHİS-dən inteqrasiya edilir);

3. Ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti (EHİS-dən inteqrasiya edilir);

4. Sürücülərin müvafiq kateqoriyalı (altkateqoriyalı) sürücülük vəsiqələri (EHİS-dən inteqrasiya edilir);

5. Hüquqi şəxsin və ya fərdi sahibkarın mülkiyyət, istifadə və ya icarə hüququ əsasında malik olduğu nəqliyyat vasitələrinin dövlət qeydiyyat şəhadətnamələri (EHİS-dən inteqrasiya edilir);

6. Taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədləri;

7. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və ya tibb məntəqəsi ilə müqavilələri;

8. Taksi minik avtomobillərində taksometrin (taksometr funksiyalarının proqram təminatı əsasında həyata keçirildiyi hallar istisna olmaqla) metroloji yoxlamadan keçməsini təsdiq edən şəhadətnamə;

9. Sürücünün narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumat;

10. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.5-ci maddəsinə müvafiq olaraq, dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd (bu maddə ilə nəzərdə tutulan digər sənədlərdə çatışmazlıqlar müəyyən edilmədikdə təqdim olunur).

Taksi minik avtomobilini idarə edən sürücü icazə sistemində nəzərdə tutulan sənədlərə malik olmalıdır. Taksi avtomobilinin şirkətə və ya fərdi sahibkara məxsusluğundan asılı olmayaraq, onu idarə edən sürücüdə bu sənədlər olmalıdır.

Sözügedən yeniliklərin tətbiqinin uğurlu nəticə verəcəyinə, ictimai nəqliyyat sektorunda müsbət mənada dəyişikliklərin baş verəcəyinə ümid edərək təlim mərkəzindən ayrılırıq.

Daha çox foto burada: PhotoStock.Az

Könül Cəfərli

0.088219165802002