Cinayət törədən qadınların sayı ARTIB: Zərif cinsin nümayəndələrini buna nə vadar edir?

Azərbaycanda cinayət törədən qadınların sayı artıb. Bu, "Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı"nda əksini tapıb.

Bildirilib ki, ötən il 25 006 cinayət törətmiş şəxs müəyyən edilib, onlardan 1299-u qadın olub. 2022‐ci ildə isə 24 432 cinayət törətmiş şəxsdən isə 1227‐si qadın olub. Yəni qadınların törətdiyi cinayətlər ümumi cinayətlərin az qismini təşkil etsə də, bu, cinayətə meyilli qadınlarının sayının artdığı həqiqətini dəyişmir.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin ilk 6 ayı ərzində cinayət törətmiş şəxslərin arasında qadınların xüsusi çəkisi 5,3 faizdir. Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayət törətmiş qadınların sayı 10,0 faiz artıb.

Daha çox fiziki zorakılığa məruz qaldığını bildiyimiz zərif cinsin nümayəndələrini cinayətə əl atmağa nə vadar edir?

Mövzu barədə Bizim.media-ya danışan keçmiş polis rəisi, kriminalist Mahmud Hacıyev deyib ki, cinayətlərin artmasına qanunauyğunluq kimi baxmaq lazımdır:

"Qadın da, kişi də canlıdır, insandır. Qadınlar nəcib, zərif cinsin nümayəndəsidirlər, onlar kişilərə nisbətən daha az cinayət törədirlər. Bu say kişilərdə daha çoxdur. Cinayəti uşaq da, yeniyetmə də, ahıl yaşında kişi də, qadın da törədə bilər. Bunu dırnaqarası olsa da, qanunauyğunluq kimi qəbul eləmək lazımdır".

Qadınların əsasən hansı cinayət törətdikləri məsələsinə gəldikdə isə o bunun Daxili İşlər Nazirliyinin (DİN) müvafiq şöbəsində təhlil edildiyini, qeyd olunduğunu bildirib.

Qeyd edək ki, 2023-cü ildə qadınların əsasən hansı cinayətləri törətdikləri haqqında məlumat olmasa da, əvvəlki illərin statistikasında qadınlar ən çox dələduzluqda ittiham olunublar.

0.17824602127075