Minifutbolun rəsmisi: "Heç kim topa yaxınlaşmağa cürət etmədi, Müseyib ən azından hünər göstərdi"

"Bir neçə təcrübəli futbolçumuzun son anda penaltini vurmağa ehtiyat etməsi, topu götürüb həmin nöqtəyə getməməsi bizi bir az məyus etdi".

Bunu "Report"a açıqlamasında Azərbaycan Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov Bosniya və Herseqovinada keçirilən Avropa çempionatının 1/4 finalında Qazaxıstan yığmasına məğlubiyyət barədə danışarkən deyib.

Qurum rəsmisi yığma üzvlərindən Müseyib Vəliyevin penaltini qaçırdığını xatırladıb: "O, komanda yoldaşlarından soruşdu, heç kim topa yaxınlaşmağa cürət etmədi. Müseyib də ən azından hünər göstərdi, məsuliyyəti üzərinə götürdü. Özü də dəqiq zərbə vurmaq istəyərdi. Məşhur futbolçular da bəzən penaltilər qaçırırlar. Hazırda üzgün və məyusuq. Çempionatı bu mərhələdə başa vuracağımızı düşünmürdük. Ən azından yarımfinalda oynamağı planlaşdırırdıq".

Baş katib Qazaxıstan millisi ilə qarşılaşmanın Avropa çempionatında ən ağır oyun olduğunu bildirib:

"Bizə tanış rəqib idi. Ötən il dünya çempionatının yarımfinalında qarşılaşmışdıq, qalib gələ bilməmişdik. Bu dəfə əvəz çıxmağı çox istəyirdik. Matçdan əvvəl rəqib təhlil olunmuşdu, oyunçulara lazım olan tapşırıqlar verilmişdi. Amma görünən odur ki, onlar da bizi yaxşı təhlil ediblər. Qazaxıstan yığması sıx müdafiə futbolu oynadı. Hətta bəzən bizim futbolçularımız onlara mərkəzi keçmək üçün imkan yaradırdılar. Rəqib isə müdafiə olunurdu və nadir hallarda hücuma keçirdi. Hər iki kollektivin az da olsa, qol şansları oldu. Meydançada bərabər səviyyədə oyun gedirdi. Bu oyunla qələbəyə layiq olmaya bilərik. Amma 100 faiz məğlubiyyətə də layiq deyildik".

Qeyd edək ki, yığma qrup mərhələsində keçirdiyi bütün matçlarda qələbə qazanıb. Komanda Belçikanı 3:0, İtaliyanı 2:1, Fransanı 3:1 hesabı ilə məğlub edib. 1/8 finalda Bolqarıstanı üstələyən (3:1) Elşad Quliyevin yetirmələri 1/4 finalda Qazaxıstanla qolsuz başa çatan oyunu penalti seriyasında uduzub - 6:7.

0.068686008453369