Şuşa və Ağdamda "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbir keçiriləcək

İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə 27-28 iyun tarixlərində Şuşa və Ağdamda "Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbir keçiriləcək, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sahibkarlıq fəaliyyəti ilə bağlı imkanlar nümayiş olunacaq.

hakimiyyet.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 100-dən çox biznes nümayəndəsinin iştirakı ilə keçiriləcək tədbirin məqsədi sahibkarlıq subyektlərinə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının investisiya imkanlarının və biznes perspektivlərinin təqdim edilməsi, dövlət-özəl əməkdaşlığı modeli üzrə müzakirələrin təşkilidir.

İş adamları Qarabağa səfər çərçivəsində Ağdam Sənaye Parkında yaradılmış şərait, rezident müəssisələr, həmçinin Şuşa və Xankəndi şəhərlərində iqtisadi fəaliyyətin canlandırılması və dayanıqlı məskunlaşmanın təmini məqsədilə aparılan yenidənqurma işləri, infrastrukturla əyani tanış olacaqlar.

Şuşada keçiriləcək tədbirdə işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan güzəşt və azadolmalar, digər dövlət dəstəyi tədbirləri, bu ərazilərin bərpa və iqtisadi reinteqrasiyasında sahibkarların rolu mövzularında panel müzakirələr təşkil olunacaq. Sahibkarlara bu ərazilərdə həyata keçirilməsi təklif edilən investisiya layihələri, məhsulların ixrac potensialı, logistika imkanları təqdim ediləcək, iştirakçıları maraqlandıran suallar cavablandırılacaq. Həmçinin G2B (dövlət-biznes) formatında görüşlər keçiriləcək.

3.0207068920135