BTC ilə tranzit neftin nəqli 10%-dək artıb

Cari ilin yanvar-iyun aylarında Azərbaycanda neft kəmərləri ilə 19 238.6 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 2.1% azdır.

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, nəqletmənin 75.2%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 14 468.7 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 3.7% azdır.

Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 81.4%-i və ya 11 773.9 min tonunu (6.3% azalma) Azərbaycanda hasil edilən neft, 18.6%-i və ya 2 694.8 min tonunu (9.8% artım) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Xatırladaq ki, ötən il magistral neft kəmərləri ilə 39 753.2 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 5.2% çoxdur. Nəqletmənin 75.9%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və ötən il ərzində bu kəmər vasitəsilə 30 191.6 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 1.49% çoxdur.

Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82.6%-i və ya 24 950.9 min tonunu Azərbaycanda hasil edilən neft, 17.4%-i və ya 5 240.7 min tonunu (2.7% artım) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

0.97502112388611